Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında AMEA-nın elmi müəssisələrinin doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili və keçirilməsi ilə bağlı iclas keçirilib. İclasda AMEA-nın Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, Təhsil Şöbəsinin rəisi və AMEA-nın elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti aparatının şöbə rəisləri və müavinləri, habelə gündəlikdəki məsələlərə aidiyyəti olan digər məsul işçilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov açaraq iclas iştirakçılarını salamlayıb, Akademiya əməkdaşlarını bir daha AMEA-nın 70 illik yubileyi münasibətilə təbrik edib. Əminağa Sadıqov bildirib ki, yubileydə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi Azərbaycan elmi cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısı yubileydə AMEA-nın 70 il ərzində keçdiyi yolu yüksək qiymətləndirib, eyni zamanda alimlərimiz qarşısında yeni vəzifələr qoyub, ölkədə yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ə.Sadıqov qeyd edib ki, iclasın AMEA-da kadr hazırlığının təkmilləşdirilməsi ilə birbaşa əlaqəsi var. Belə ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərar qəbul edib. Qərarının icrası ilə əlaqədar doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək.
Ə.Sadıqov diqqətə çatdırıb ki, fəlsəfə fənni üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının qəbul edilməsi məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə imtahan komissiyası yaradılıb və Komissiyaya AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev sədrlik edir.
Sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Doktorantura şöbəsinin rəisi Fərhad Yusifov bildirib ki, doktoranturaya qəbulun və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məqsədilə proqram təminatının hazırlanması ilə bağlı lazımi işlər görülür.
Tədbirdə Əminağa Sadıqov iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırıb və doktoranturaya qəbulun, eləcə də doktorluq imtahanlarının yüksək səviyyədə keçirilməsi üçün AMEA rəhbərliyinin bütün zəruri addımlar atacağını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir