Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” elan edib. Bu məqsədlə qəbul edilən Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri 264 saylı orta məktəb-liseyin 9-cu sinif şagirdləri Aşqarlar Kimyası İnstitutunda olublar.
Məktəblilərlə görüşdə qonaqları salamlayan institutun icraçı direktoru kimya elmlər doktoru Əfsun Sucayev bildirib ki, elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır: “Ona görə də tarixi muzeylər kimi elmi-tədqiqat müəssisələri də qapılarını istedadlı şagirdlərin üzünə açmalı, onların fiziki-kimyəvi proseslərlə əyani tanış olmalarını təmin etməlidir”.
Ə.Sucayev Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən, institutda çalışmış və dünyasını dəyişən Azərbaycanın görkəmli kimyaçı alimləri - akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında məlumat verib və institutun laboratoriyalarında aparılan təcrübələrin şagirdlər üçün maraqlı olacağını söyləyib, şagirdlərin suallarını cavablandırıb.
Sonra şagirdlər Fizioloji fəal üzvi birləşmələr, Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi, Sürtkü kompozisiyaları, Mühafizəedici üzvi birləşmələr, Müxtəlif funksiyalı polimer birləşmələr və digər laboratoriyalara baş çəkərək orada aparılan elmi tədqiqatlarla, müasir fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olublar, bəzi təcrübələri yaxından izləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.