Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

21.12.2023 10:36
  • A-
  • A
  • A+

Zaman anlamının fövqündə duran böyük alim

Zaman anlamının fövqündə duran böyük alim

Dekabrın 21-də akademik Ziya Bünyadovun anadan olmasının 100 ili tamam olur

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür.

AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın görkəmli alimə həsr etdiyi “Zaman anlamının fövqündə duran böyük alim” sərlövhəli məqaləsini təqdim edir.

Elm aləmində elə dühalar var ki, müasirləri onları tam dolğunluğu ilə qiymətləndirməyə çətinlik çəkir. Onların həqiqi qiymətini zaman özü verir və bu qiymət tarix məsafəsindən daha dəqiq, hərtərəfli olur. Zaman və məkan anlamının fövqündə duran elə ulduzlar var ki, vaxt axarı onları daha aydın, daha parlaq və möhtəşəm göstərir. Belə nəhəng insanlardan biri bu il 100 illik yubileyini qeyd etdiyimiz Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovdur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmi ictimaiyyətimiz tərəfindən böyük hadisə kimi qiymətləndirilən “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 28 sentyabr tarixli Sərəncamına əsasən AMEA-da görkəmli alimin yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Şərqşünaslıq İnstitutu da bu yubileyə öz töhfəsini alimin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans və alimin əsərlərinin çap olunacaq külliyatı ilə verəcək. Dövlətimizin başçısının imzaladığı Sərəncam ölkəmizdə elmə və alimə verilən çox yüksək dəyər olaraq tarix və şərqşünaslıq elmimizin tədqiqində yeni üfüqlər açır, neçə-neçə tədqiqatçılara yeni imkanlar yaradır.

Respublikada medievist – şərqşünas tarixçilər məktəbini yaradan və inkişaf etdirən akademik Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Onun qələmindən çıxmış 300-dən artıq elmi əsərin hər biri müstəsna zəhmətin, dərin bilik və məharətin məhsuludur. Məhz Z.Bünyadov ilk dəfə dünyaya bir sıra orta əsrlər Azərbaycan alimi və ədibinin adını tanıtdırdı.

Ziya müəllimin elmimizə töhfələri sırasında 1980-ci ildə Dövlət mükafatına layiq görüldüyü “Azərbaycan Atabəylər dövləti”, onun Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər”, eləcə də “Azərbaycan VII-IX əsrlərdə” kitabları, Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sirat əs-sultan Cəlal əd-Din Mankburnı”, Əbülqasim əz-Zəhravinin “Cərrahiyyə və alətlər haqqında traktat”, ölməz Füzulinin “Mətləul-etiqad” kimi bir çox əsərin ərəbcədən şərhli tərcüməsi, tədqiqatı və tərtibi var.

Ziya Bünyadov öz alim qələmi və çoxsaylı qədim mənbələrə əsaslanan çıxışları ilə bədnam qonşularımıza qarşı daim mübarizə aparıb, milli mənafelərimizi və ərazi bütövlüyümüzü müdafiə edib. Onun elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmırdı. Alimi Vətənin yaxın keçmişi də maraqlandırırdı. O, ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, Bakı kommunası və sair mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb. Ziya Bünyadovun Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirməsi, bundan əlavə hazırladığı irihəcmli “Dinlər, təriqətlər, məzhəblər” adlı soraq kitabı xalqımızın islam dininin doğru-dürüst öyrənməsinə yönəlmiş mühüm addımlardır.

Ziya Bünyadov dünya şərqşünaslığında mühüm yeri olan bir alimdir. O, bir çox beynəlxalq elmi məclislərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərək maraqlı məruzələrlə çıxış edib. Türkiyə tarixinin tədqiqi sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Türk Tarixi Qurumunun müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilib. Onun rəhbərliyi ilə Türkiyə, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt vətəndaşları böyük elmə qədəm qoyublar.

Təbiətin ona səxavətlə bəxş etdiyi keyfiyyətlər və uzun illər boyunca titanik zəhmətin bəhrəsi olan xüsusiyyətlər Ziya müəllimin simasında üzvi vəhdətdə birləşmişdi. Nəticədə onun şəxsiyyətində böyük alim və alovlu vətənpərvər obrazı yaranmışdı. Ən ülvi, ən yüksək keyfiyyətlər - səmimilik, xeyirxahlıq, ilk növbədə özünə, sonra ətrafdakılara qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi, xalqa, millətə, torpağa hədsiz məhəbbət elm Olimpinin ən yüksək zirvəsində duran Ziya müəllimin şəxsində cəmləşmişdi.

Qarabağ məsələsini böyük yanğı və ürək ağrısı ilə yaşayırdı Ziya müəllim. Xatirimdədir, azərbaycanlılar qədim oğuz eli - indiki Ermənistandan kütləvi şəkildə qovulduqda, o hamıdan öncə onların Qarabağda yerləşdirilməsinin vacibliyini ovaxtkı respublika rəhbərliyinə çatdırdı. Əfsuslar olsun ki, böyük alimin bu təklifı qulaqardına vuruldu.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində dövlət imtahanları zamanı Ziya Bünyadovla ilk tanışlığım zamanı biz tələbələrə uca, əlçatmaz bir zirvə kimi görünən böyük alimin, Sovet İttifaqı Qəhrəmanının baxışları altında tir-tir əsirdik. Universiteti bitirəndən sonra Şərqşünaslıq İnstitutunda işləyərkən o vaxt Orta əsr Şərq tarixi şöbəsinin müdiri olan Ziya müəllimin institutun ümumi yığıncaqlarında olduqca prinsipial, tələbkar, hətta sərt çıxışları onun haqqında məndə yaranmış əvvəlki fikri bir daha təsdiqləyirdi. 1993-cü ildə Şərqşünaslıq İnstitutunun direktoru Ziya Bünyadovun müavini olduqdan sonra və onu yaxından müşahidə etdikdə anladım ki, Ziya müəllim haqqında əvvəlki qənaətim tamamilə yanlış imiş. Tədricən, günbəgün qarşımda yeni, indiyəcən tanımadığım bir insan xarakteri canlanırdı və bu insan böyüklüyü qədər də sadə və səmimi idi. Ziya müəllim mərdlik və cəsarət nümunəsi idi. Bu cəhətlər onun həyatının hər bir sahəsində özünü büruzə verirdi - elmdə də, şəxsi və ictimai həyatında da, həmkarları ilə münasibətlərində də.

İnanırıq ki, Ziya Bünyadovun yaratdığı elmi məktəbinin işıqları heç vaxt sönməyəcək, əksinə, getdikcə gurlaşacaq və bu işıqlar yandıqca böyük ustadımız həmişə yad olunacaq.

AzərTac

  • Paylaş: