Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

30.12.2023 11:58
  • A-
  • A
  • A+

Mehmet Akif Ersoy vəqfinin rəhbəri Ədəbiyyat Muzeyinin qonağı olub

Mehmet Akif Ersoy vəqfinin rəhbəri Ədəbiyyat Muzeyinin qonağı olub

Türkiyə Cümhuriyyəti Mehmet Akif Ərsoy vəqfinin başqanı Ruyan Soydan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Onların Bakıya səfəri əlamətdar tədbirlə bağlı idi. Türk dünyasının fəxri, istiqlal şairi Mehmet Akif Ərsoyun 150 illik yubileyi münasibətilə Türkiyə ziyalıları AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun rəhbərliyi ilə gerçəkləşən “Milli istiqlal marşının və müstəqil dövlətçiliyin böyük çarçısı”  mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər. Eyni zamanda tədbirdən əvvəl Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzinin açılışı olub. 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Ruyan Soydanla görüşərək Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən, Yunus Əmrə ekspozisiyasının, eləcə də ekspozisiyanın digər guşələrinin yaranmasından danışıb. Hüseyn Cavid yaradıcılığına xüsusi rəğbət və sevgisini bildirən Ruyan Soydan akademik Rafael Hüseynovun Hüseyn Cavid yaradıcılığına münasibətini bildikdən sonra söhbətin axarı “Vaxtdan uca”, “Əbədi Cavid”, “Cavidlər” əsərlərinə yön alıb. Muzeydən məhdud zamanına görə həm ayrılmaq istəyən, həm də “könlü burada qalan” qonağımız muzeyi tərk etmək istəmirdi. Nizami muzeyini Ruyan Soydanın dili ilə desək, “böyük bir ibrətlə, heyranlıqla, hətta bir az qısqanclıqla” gəzən, buranın “Türk dünyasının bütün ədəbiyyatlarına ev sahibliyi edən bir muzeyə çevrilməsini” diləyən ziyarətçi akademik Rafael Hüseynova təşəkkürünü bildirdi.     

Qonaqlar Azərbaycan ədəbiyyatının nadir nümunələri, zəngin ekspozisyası ilə muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın təqdimatında tanış oldular.

Sonda akademik Rafael Hüseynov Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Əbədi Cavid” kitabını öz imzası ilə və “Şirvan şairləri”, “Söz məbədi” bukletinin nəşrlərini qonaqlara hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: