Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

07.01.2024 09:25
  • A-
  • A
  • A+

Daş kitabələrin mahir tədqiqatçısı

Daş kitabələrin mahir tədqiqatçısı

Orta əsrlər dövrü Azərbaycan tarixinin öyrənilməsində epiqrafik abidələrin mühüm yeri vardır. Xalq bir çox tarixi əhvalatları daş lövhələrə yazmaqla, abidələrin üzərində kitabələr həkk etməklə bir sıra ictimai-iqtisadi problemlərə, mədəniyyət tarixinə aid çox zəngin və qiymətli salnamələr qoyub getmişlər. Belə abidələrin sirlərinin açılmasında müstəsna elmi xidməti olan alimlərimizdən biri də Məşədixanım Nemətovadır.

Azərbaycan epiqrafika elminin banisi AMEA-nın müxbir üzvü tarix elmləri doktoru, professor Məşədixanım Səədulla qızı Nemətova 1924-cü il yanvarın 5-də Bakının Zabrat kəndində anadan olmuşdur. O, valideynlərini erkən itirdiyi üçün 15 yaşında ikən əmək fəaliyyətinə başlamış və eyni zamanda təhsilini də davam etdirmişdir. 1941-ci ildə orta məktəbi, 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Elə həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda aspiranturaya daxil olan gənc alim 1953-cü ildən elmi yaradıcılıq fəaliyyətinə başlamış və 1954-cü ildə “Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsi” mövzusunda namizədlik, 1968-cü ildə isə “Epiqrafik abidələr və onların Azərbaycanın sosial-iqtisadi tarixinin öyrənilməsində əhəmiyyəti (XIV-XIX əsrlər)” mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə Məşədixanım Nemətova AMEA-nın müxbir üzvü seçilmişdir.

Çox çətin, iztirablı və keşməkeşli həyat yolları onu əsil vətəndaş kimi formalaşdırmış və sonrakı illərdə alim elmin çətin və nadir sahələrindən biri olan epiqrafik abidələrin tədqiqatında uğur qazanmışdır. Məşədixanım Nemətova 1948-ci ildən başlayaraq Azərbaycanın bütün tarixi ərazisini qarış-qarış gəzərək, ərəb qrafikasının süls, nəsx, nəstəliq, kufi kimi xətləri ilə ərəb-fars-türk dillərində ata-babalarımızın daşlara həkk etdikləri daş salnamələrin ağır səhifələrini vərəqlədikcə Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi olan sufizm, toponimika, Azərbaycan xalqının mənşəyi və s. kimi elmi problemlərə dair çoxlu sayda yeni, bəzən hətta yeganə və dəqiq sənədlərlə Azərbaycan tarixşünaslıq elminin bazasını zənginləşdirmişdir.  

Məşədixanım Nemətova nəinki Azəraycanı, o cümlədən Cənubi Qafqaz ərazisini gəzməklə məzar daşları əsasında Azərbaycan tarixinin tədqiqinə başlamışdır. Epiqrafik mənbələr sanki tarixin güzgüsüdür. Onu da qeyd etmək lazımdır ki, bu sahədə işləyən tədqiqatçının iş laboratoriyası rahat otaqlarda deyil, açıq səma altındadır. Məşədixanım bu güzgünü əlində tutmaqla təbiətin şıltaqlığına baxmayaraq saatlarla nərdivan üstündə, ot basmış ilan-çayanlı qəbristanlıqlarda, qızmar günəş altında işləməklə Qarabağ, Naxçıvan, Zəngəzur və Talış dağlarını, Muğan və Şirvan düzlərindəki daşları dindirmiş, daşlaşmış tariximizi canlandırmışdır. Bu tarix Azərbaycan torpağının əzəmətindən və qüdrətindən xəbər verir.

Məşədixanım Nemətova 60 illik elmi fəaliyyəti dövründə 2500-dən artıq kitabələri oxuyub onların tarixi əhəmiyyətini müəyyən etmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi alim 12-dən artıq monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nun müəllifidir.

1976-cı ildə Moskvada çapdan çıxmış “Историческая энциклопедия” kitabında professor V.A. Kraçkovskayanın məqaləsində son 200 ildə dünyada tanınmış Avropa və  bir neçə Sovet dövrü alimləri ilə yanaşı professor Məşədixanım Nemətovanın da adı qeyd olunub.

Məşədixanım Nemətova epiqrafikanı bir fənn kimi də Azərbaycanda yaratmışdır. Onun işi təkcə epiqrafik abidələrin aşkar edilməsi, toplanması, tərcüməsi və çap olunmasından ibarət deyildi. Alimin çoxillik təqiqatları nəticəsində aşkar olunmuş epiqrafik kitabələr bir mənbə olaraq Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. Belə ki, kitabələr ölkədə aparılmış abadlıq işlərini, iqtisadi yüksəliş illərini, feodal dövlətlərinin istiqlaliyyətini, siyasi nüfuzunu, sərhədlərini dəqiqləşdirməyə köməklik edir. Məhz bütün bu elmi problemlər də M.Nemətovanın tədqiqatlarının bir parçası hesab olunur.

Məşədixanım Nemətovanın xanəgah, ribat, müqəddəs məzar, zaviyə və s. abidələr üzərindəki oxuduğu kitabələr bütün orta əsrlər boyu Azərbaycanda mövcud olmuş sufi cəmiyyətlərinin mərkəzlərini, şeyxlərin adlarını, onların fəaliyyətlərinin xronoloji çərçivəsini izləməyə imkan verir. Bu kitabələrin əksəriyyətini inzibati bölgü, dövlət quruluşu, bürokratik dövlət aparatı, feodal sinfi zümrələrinə dair maraqlı məlumatlar bazası hesab etmək olar.

O, Zəngəzur, Laçın, Kəlbəcər, habelə Armazisxevidə (Gürcüstan), Qarabağda aşkar etdiyi XIV-XIX əsrlərə aid at və qoç heykəlli məzar daşlarında türk tayfalarına məxsus damğaların təsvirləri əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını müəyyənləşdirmişdir.

Alim, sənətşünaslıq tarixində məlum olmayan bədii daşyonma sənəti məktəblərini, onun əsasını qoymuş ustaları, onların davamçılarının fəaliyyətinin xronoloji çərçivəsini və əsərlərinin yayıldığı arealı müəyyənləşdirə bilmişdir. O, XII əsrdən başlayaraq XX əsrin əvvələrinə kimi memarlıq və sənətşünaslıq tarixində məlum olan inşaatçı usta, memar, xəttat, həkkakların siyahısına Bakı-Abşeron üzrə 105, Şəki-Zaqatala bölgəsi üzrə məlum olan 8 nəfərin siyahısına 137 nəfərin adını əlavə etmişdir.

Zəngəzur mahalının Urud kəndindəki orta əsr qəbiristanlığında qalmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində professor Məşədixanım Nemətovanın 1961-1963-cü illərdə apardığı elmi tədqiqatlar alimin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının ən mühüm yeniliyi hesab edilir. M.Nemətovanın Urud qəbristanlığındakı tədqiqatları nəticəsində daşlar üzərindəki ərəb qrafikasında həkk olunmuş kitabələrin, islam dini ilə əlaqədar duaların və qədim türkdilli tayfaların dini ayinləri ilə əlaqədar onqonların sirli qalan məqamları üzə çıxmışdır. Alimin epiqrafika elmi sahəsindəki Urud kəşfləri xalqımıza qarşı torpaq iddiasında olan ermənilərə tutarlı cavab olmaqla Azərbaycanın tarixi ərazi bütövlüyünün müdafiə edilməsi prinsiplərini də əsaslandırmış və beləliklə Cənubi Qafqazda yeni tarixi konsepsiyasının əsasını qoymuşdur. Zəngəzurun Urud qəbristanlığındakı miladi 1478-ci il tarixli bir məzar daşında ərəbcə “Allah, Məhəmməd, Əli, min evladi ağvan” (“ağvan” alban deməkdir M.N.) sözlərinin həkk edilməsi və bu tip kitabələrin XVII əsr sənduqələrində də təkrarlanması bu abidələrin Azərbaycan tarixşünaslıq elmində mühüm əhəmiyyətə malik olduğunu ortaya çıxarır. 1926-cı ildə elmə məlum olan Urud abidələrinin geniş tədqiqi ilə sübut olunmuşdur ki, bu məzar daşlarındakı epitafiyalar və təsvirlər vaxtilə Qafqaz Albaniyası ərazisi olan Zəngəzurda yaşamış ağvanların (albanların) müsəlmanlığı qəbul etməsinə dəlalət edir. Urud kitabələri üzərindəki epitafiyalar təhlil ediləndən sonra məlum olub ki, alban tayfaları islam gələndə müsəlmanlığı qəbul edərək bu günkü Azərbaycan xalqının təşəkkül tapmasında iştirak etmişlər.

Bir dəfə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda alimlərlə birgə keçirilmiş iclasların birində professor M.Nemətova çıxış edərək Zəngəzurun Urud abidələri və bu qəbiristanlığın ermənilər tərəfindən vəhşicəsinə qəsdən dağıdılması haqqında həqiqətləri ölkə rəhbərinin diqqətinə çatdırmışdır. M.Nemətova qeyd etmişdir ki, Urud qəbiristanlığı tarixin böyük bir məsələsinin üstünü açıb. Belə ki, bütün tarixçilər islamın Qafqaza gəlişinə qədər xaçpərəst olan alban tayfalarının erməniləşməsi və gürcüləşməsi haqqında yazırdılar. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində yazır ki, “...necə oldu ki, Zəngəzur mahalında yaşayan tayfalar qriqoryan xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcüləşdilər. Bəs bunların türkləşəni, islamı qəbul edəni olmadımı?!” Urud məzarlarının tədqiqi də tarixin bu qaranlıq qalan səhifəsini üzə çıxardı. Məhz burada oğuz türk tayfalarına aid daşlar üzərindəki təsvirlər araşdırılmaqla bu suala cavab tapılmış oldu.

1990-cı ildə M.Nemətova erməni alimləri Akopyanı, Papazyanı, Arakelyanı, Xaçaturyanı susdurmuş, onların Urud qəbirlərinin ermənilərə aid olması haqqındakı iddiasının saxta olduğunu sübut etmişdir. Erməni alimi Akopyan sonralar M.Nemətovaya qarşı iddialarla çıxış etməyə başlamış və demişdir ki, “...xeyr siz səhv edirsiniz, Əmir Teymur Orta Asiyadan gələndə bu tayfalara zorla islamı qəbul etdirib. Burada xəttatın səhvi var, xəttat savadsız olub və Məşədixanım da səhv oxuyub”. Daha sonra ermənilər traktorlarla qəbiristanlığı məhv etməyə başlayıblar. M.Nemətova Papazyana cavab məktubu yazaraq deyib ki, “...əgər Urud qəbiristanlığı erməni abidəsi idisə bəs nəyə görə o, qəbiristanlığı dağıtdınız, məhv etdiniz, viran qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz bu gün də onu şüşənin içinə salıb əldən-ələ bütün dünyanı gəzdirərdiniz ki, baxın bu bizim tariximizdir. Çünki sübut edə bilmədiniz! Xəttat düz yazmışdı, Məşədixanım da düz oxumuşdu!”

Məşədixanım uzun illər ərzində epiqrafika fənnini Bakı Dövlət Universitetində tədris etmişdir. Beynəlxalq konfranslarda elmi məqalələrlə çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 mart 2009-cu il tarixi sərəncamı ilə Məşədixanım Nemətova “Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə” Şöhrət ordeninə layiq görüldü. Onun əsərləri onu yüksək şərəfə və ləyaqətə ucaltdı. Dünya şöhrətli alim Məşədixanım Nemətova 2016-cı il dekabrın 27-də 92 yaşında doğulduğu kənddə əbədiyyətə qovuşdu.

Hər bir insan dünyadan köçəndən sonra belə o insan özünün əməlləri, övladları və əsərləri ilə yaşayır. Məşədixanım Nemətova da Azərbaycan epiqrafika elmində yaratdığı uca zirvələr əsasında onu sevənlərin qəlbində əbədi olaraq yaşayacaqdır.

Əsədulla CƏFƏROV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor  

Anar AĞALARZADƏ, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: