Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əli Tudə – 100” kitabı işıq üzü görüb
11.01.2024 14:49
  • A-
  • A
  • A+

“Əli Tudə – 100” kitabı işıq üzü görüb

Görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əli Tudə - 100” kitabı işıq üzü görüb.

Kitabda şairə həsr olunmuş məlumatlar “Yazılar, fikirlər, sənədlər”, “Həsr olunan şeirlər”, “Biblioqrafiya” və “Qəzetlərdə və jurnallarda çap olunan digər yazılar” adlı bölmələr üzrə oxucuya təqdim edilir.

Nəşri tərtib edən şairin oğlu Natiq Cavadzadədir.

“Yazılar, fikirlər, sənədlər” bölməsinə İlyas Əfəndiyev, Məmməd Rahim, Mehdi Hüseyn, Cabir Novruz, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Cəfər Xəndan və digər ədiblərin şair haqda məqalələri daxil edilib. 

Bölmədə AMEA-nın əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovun da Əli Tudənin yaradıcılığı haqqında müxtəlif illərdə yazdığı beş məqaləsinə yer verilib. 

“Həsr olunan şeirlər” bölməsində Süleyman Rüstəm, Məmməd Araz, Qabil, Nəriman Həsənzadə və başqa şairlərin Əli Tudəyə həsr edilən şeirləri təqdim olunur.

“Biblioqrafiya” bölməsində müəllifin kiril, əski (ərəb qrafikalı Azərbaycan əlifbası) və latın əlifbası ilə çap olunmuş kitablarının siyahısı, o cümlədən poema və şeirlərinin yer aldığı biblioqrafik göstəriciləri təqdim edilir.

“Qəzetlərdə və jurnallarda çap olunan digər yazılar” bölməsində isə Əli Tudə haqqında “Kommunist”, “Mühacir”, “Mədəniyyət”, “525-ci qəzet”, “Xalq qəzeti” və digər qəzetlərdə, eləcə də “Azərbaycan”, “Ulduz” və s. jurnallarda dərc olunan müxtəlif səpkili yazıların biblioqrafik göstəriciləri verilib.

Həmçinin nəşrdə Əli Tudənin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillər də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: