Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.01.2024 15:50
  • A-
  • A
  • A+

Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva Mərkəzi Nəbatat Bağının ərazisində aparılan işlərlə tanış olub

Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva Mərkəzi Nəbatat Bağının ərazisində aparılan işlərlə tanış olub

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Bakı şəhər İcra Hakimiyyəti tabeliyində Mərkəzi Nəbatat Bağının ərazisində yaşıllıqların qorunması istiqamətində aparılan işlərlə tanış olub.

Mərkəzi Nəbatat Bağı İdarə Heyətinin sədr müavini və sədr səlahiyyətlərini müvəqqəti icra edən Natiq Allahverdiyev S.İbadullayevaya Bağın ərazisində bitki kolleksiyalarının zənginləşdirilməsi və landşaft dizaynının yaxşılaşdırılması məqsədilə həyata keçirilən işlər barəsində məlumat verib. Bildirib ki, hazırda Bağın ərazisində yeni layihəyə əsasən müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması üzrə işlər sürətlə həyata keçirilir. O, Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi və Bağın əməkdaşlarının iştirakı ilə təcrübə sahələrində yeni maqnoliya, kalina, fatuniya və s. bitki növlərinin əkininə başlanıldığını, yaşıllıq ərazilərində torpağın münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində müntəzəm aqrotexniki qulluq tədbirlərinin həyata keçirildiyini vurğulayıb.

S.İbadullayeva MNB-nın Tropik və subtropik bitkilər laboratoriyasının istixanasını ziyarət edib, burada mövcud olan bitki növlərinin qorunub saxlanılması istiqamətində aparılan işlərlə maraqlanıb. N.Allahverdiyev istixananın kolleksiyasında hər bitkinin xarakterinə uyğun aqrotexniki xidmətlərin göstərildiyini bildirib.

Sonda Mərkəzi Nəbatat Bağının yeni infrastrukturunun yaşıllaşdırmasına töhfə olaraq xatirə ağacları əkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: