Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.02.2024 09:36
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Çexiya Respublikasının nümayəndələri ilə görüş keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Çexiya Respublikasının nümayəndələri ilə görüş keçirilib

Çexiya İnformatika Robototexnika və Kibernetika İnstitutunun direktoru Andrey Velek və Çexiya Respublikasının Bakıdakı sərfirliyinin İqtisadiyyat və ticarət məsələləri üzrə katibi Klara Zeldova Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) qonaq olublar.

Görüşdə İSİ-nin baş direktoru akademik Əli Abbasov, İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən t.e.d., dos. Elxan Səbziyev, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri t.ü.f.d. Tofiq Babayev və baş mütəxəssis Nərmin Abbaszadə iştirak ediblər. Görüşün əsas məqsədi Çexiya İnformatika Robototexnika və Kibernetika İnstitutu və İSİ arasında elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olub.

Əvvəlcə akademik Əli Abbasov instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, strukturu, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri və aparılan fundamental elmi tədqiqatlar barədə ətraflı məlumat verib. Qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq institutda həyata keçirilən “Əşyaların interneti” əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları və tətbiqi kimi potensial layihələrdən və bu sahədə mövcud problemlərdən söz açıb. İdarəetmə sistemləri, robototexnika, optimallaşdırma və modelləşdirmə sahələrində əldə olunan mühüm elmi nəticələrdən bəhs edən akademik, həmçinin institutun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosu (XKB) tərəfindən istehsalatda tətbiq olunan elmi-tədqiqat işlərindən bəhs edib.

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən, İdarəetmə Sistemləri İnstitutunun Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyini qonaqların diqqətinə çatdıran Ə.Abbasov elm və təhsilin inteqrasiyası istiqamətində AR ETN və AMEA-nın birgə fəaliyyətindən və qarşıda duran hədəflərdən bəhs edib. Yüksək ixtisaslı kadr hazırlığından söz açan alim İdarəetmə Sistemləri İnstitutu və Çexiya İnformatika Robototexnika və Kibernetika İnstitutu arasında mübadilə proqramlarının yaradılması barədə tövsiyələrini səsləndirib.

Sonra Çexiya İnformatika Robototexnika və Kibernetika İnstitutunun direktoru prfessor Andrey Velek təmsil etdiyi Çex Texniki Universitetinin yaranma tarixi, fəaliyyət istiqamətləri, aparılan elmi tədqiqatlar və həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, çoxşaxəli elmi fəaliyyətə malik universitetdə süni intellekt texnologiyaları, iqtisadiyyat, mühəndislik, fizika kimi sahələri əhatə edən 8 fakültə üzrə tədris həyata keçirilir və 5 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Rəhbərlik etdiyi Çexiya İnformatika Robototexnika və Kibernetika İnstitutunun kadr potensialı barədə məlumat verən alim nəşr fəaliyyəti, beynəlxalq əməkdaşlıq, elmi nəticələrin praktikada tətbiqi və süni intellekt texnologiyaları vasitəsilə ilə həyata keçirilən tədqiqatlardan söz açıb. 

A.Velek İdarəetmə Sistemləri İnstitutu kimi böyük tarixə malik, qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirərək birgə elmi tədqiqatlar zamanı əldə olunacaq mühüm nəticələrin istehsalatda tətbiqinin hər iki ölkədə elm və təhsilin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra t.e.d., dos. Elxan Səbziyev İdarəetmə Sistemləri İnstitutu ilə Çexiya İnformatika Robototexnika və Kibernetika İnstitutu arasında ikitərəfli elmi və pedaqoji əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı öz təkliflərini səsləndirib, müasir dövrün tələblərinə cavab verən birgə elmi tədqiqatların aparılmasının önəmini vurğulayıb.

İSİ-nin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev sözügedən elmi müəssisələr arasında qurulan əməkdaşlıq əlaqələrinin səmərəli elmi nəticələr verəcəyinə əminliyini ifadə edib, bu istiqamətdə qonaqlara cari ildə İSİ tərəfindən keçiriləcək beynəlxalq konfranslarla bağlı məlumat verib.

Çexiya Respublikasının Azərbaycandakı Səfirliyinin katibi xanım Klara Zeldova görüş iştirakçılarını Çexiya və Azərbaycan arasında uğurla inkişaf edən diplomatik və iqtisadi əlaqələrdən söz açıb və bu istiqamətdə əldə olunan son nəticələri onların diqqətinə çatdırıb. Xanım katib Çexiya və Azərbaycan elm və təhsil müəssisələrinin yaxından əməkdaşlığının və müasir texnologiyalar üzrə hər iki ölkənin alimlərinin birgə fəaliyyətinin əhəmiyyətini bir daha vurğulayıb və onlara göstərilən qonaqpərvərliyə görə institutun nümayəndələrinə öz minnətdarlığını bildirib.

Görüş çərçivəsində sözügedən elmi müəssisələr arasında birgə fəaliyyət imkanları və davamlı əməkdaşlıq perspektivləri ətraflı şəkildə müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: