Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Fədakar alim, görkəmli ictimai-siyasi xadim
06.02.2024 14:07
  • A-
  • A
  • A+

Fədakar alim, görkəmli ictimai-siyasi xadim

Azərbaycan” qəzetinin 2024-cü il üzrə 25-ci nömrəsində AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunan “Fədakar alim, görkəmli ictimai-siyasi xadim” adlı məqalə dərc olunub. Məqalənin müəllifi AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevdir.

Həmin yazını təqdim edirik:

Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin kafedra müdiri Yaqub Mikayıl oğlu Mahmudovun 85 yaşı tamam olur. Akademik Yaqub Mahmudov adı ilə bütün Azərbaycanı, bir sıra qonşu və xarici dövlətləri dolaşmaq olar. Çünki bu ad geniş ictimaiyyətə, elmi-mədəni mühitə, təhsil sistemi işçilərinə, bütün müəllim heyətinə, belə demək mümkünsə, hamıya, hər kəsə çox yaxşı məlumdur. Görkəmli alimi tanıdan onun fədakar əməyi, insanlara səmimi münasibəti, ictimai-siyasi həyatda doğru yol göstərən olması, hələ cavanlığından ağsaqqal mövqeyi ilə seçilməsi, elm və təhsil təşkilatçısı kimi böyük nüfuz sahibi olmasıdır.

Yaqub Mahmudov mənalı və şərəfli bir ömür yaşayıb və bu ömür payından yüzlərlə, minlərlə tələbəsinə, yetirməsinə, iş yoldaşlarına, onu tanıyanlara sevinc dolu pay düşmüşdür. Çətin anlarda xeyirxahlıq göstərməsi, məsləhətləri, əl tutmaq, kömək göstərmək kimi insani keyfiyyətləri onu tanıtmışdır.

Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və universitetin aspiranturasına daxil olmuşdur. 1966-cı ildə Bakı Dövlət Universitetində namizədlik, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. 1966-1981-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, elmi işlər üzrə baş redaktor müavini, eləcə də həmin illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent, 1981-2004-cü illərdə Bakı Dövlət Universitetində dosent, professor, kafedra müdiri, dekan müavini və fakültə dekanı vəzifələrində çalışmışdır. Y.Mahmudov 2004-2021-ci illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifəsində uğurla fəaliyyət göstərmişdir.

Akademik Yaqub Mahmudov dərin intellektə, geniş dünyagörüşə, əhatəli diapazona, yüksək elmi səriştəyə, təşkilatçılıq bacarığına, təsəvvür edilməyəcək dərəcədə çox məhsuldar elmi fəaliyyətə, çoxsaylı elmi dərəcəli yetirmələrə malik vətənpərvər və erudisiyalı tarixçi alimdir. Onun namizədlik dissertasiyası XV əsrin ikinci yarısında Azərbaycan Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə həsr olunmuşdur. O, ilk dəfə olaraq Azərbaycanın Qərbi Avropa dövlətləri ilə geniş ticarət və diplomatik əlaqələr apardığını aşkara çıxarmışdır. Tədqiqatçı araşdırmalarında Ağqoyunlu hökmdarı, böyük dövlət xadimi Uzun Həsənin, məşhur diplomat Sara xatının həyat və fəaliyyətinin maraqlı və tariximiz üçün əhəmiyyətli hadisələrindən bəhs etmişdir. Yaqub Mahmudov arxivlərdən əldə etdiyi materiallar əsasında ötən əsrin 70-80-ci illərində çoxsaylı elmi-kütləvi və tədqiqat xarakterli əsərləri ilə nəinki elmi ictimaiyyətin, eləcə də geniş oxucu kütləsinin dərin marağına səbəb olan əsərlərini nəşr etdirir. "Öyrənilməmiş səhifələr", "Səyyahlar Azərbaycana gəlir", "Odlar yurduna səyahət", "Səyyahlar, kəşflər, Azərbaycan", "Azərbaycanın Avropa ölkələri ilə əlaqələri" kimi kitab və monoqrafiyaları müəllifə böyük hörmət qazandırır. O, 90-cı illərdə daha bir sıra dərslik, kitab və monoqrafiyalarını elmi ictimaiyyətə təqdim edir. "Ata yurdu" dərsliyi (V siniflər üçün) pedaqoji ictimaiyyətin və şagirdlərin dərin marağına səbəb olur.

Yaqub Mahmudov doktorluq dissertasiyası ilə elmdə özünəməxsus dəst-xətə, tədqiqat istiqamətinə, orijinal fəaliyyətə malik, yüksək qabiliyyətli bir elm adamı olduğunu təsdiq etdi. Onun doktorluq dissertasiyası Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinə (XV əsrin ikinci yarısı - XVII əsrin əvvəlləri) həsr edilmişdir. Alimin bu tədqiqatında Azərbaycan-Avropa əlaqələrinə obyektiv qiymət verilmiş, Ağqoyunlu və Səfəvi dövlətlərinin beynəlxalq münasibətlərdə mühüm rol oynadıqları faktlarla əsaslandırılmışdır. Müəllif burada Qərb dövlətlərinin Şərq siyasətini, onların məkrli mövqelərinin əsl mahiyyətini açıqlamışdır. Bu qəbildən olan əsərləri içərisində "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)", Azərbaycan diplomatiyası (XV-XVII əsrlər)", "Azərbaycan və Avropa" (rus və ingilis dillərində) fundamental monoqrafiyaları xüsusilə diqqəti cəlb edir. Y.Mahmudovun müəllifliyi və rəhbərliyi ilə hazırlanan "İrəvan xanlığı" monoqrafiyası 10-dan çox xarici dildə nəşr edilərək dünyanın bir sıra ölkələrində yayılmışdır. Bu günə qədər Azərbaycan tarixşünaslığında əhatə dairəsinə görə bu səviyyədə əsər olmamışdır.

Azərbaycan tarixi, ümumdünya tarixi və diplomatiya tarixinin müxtəlif problemlərinə mindən çox əsər həsr edən Yaqub Mahmudovun 18 cildlik əsərləri işıq üzü görüb. Bu faktın özü görkəmli tarixçimizin məhsuldar elmi fəaliyyəti haqqında çox şey deyir.

Akademik Y.Mahmudovun çoxillik elmi fəaliyyətində ensiklopediya yaradıcılığı da mühüm yer tutur. Onun "Azərbaycan Sovet Ensiklopediyası"nda çoxsaylı məqalələri verilmişdir. Alimin rəhbərliyi ilə "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası və üzvü olduğu "Naxçıvan ensiklopediyası" hazırlanmışdır.

Azərbaycan tarixinə aid xəritələrin hazırlanması da Y.Mahmudovun adı ilə bağlıdır. "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası üçün hazırlanmış xəritələr, 2007-ci ildə təkmilləşdirilərək "Azərbaycan tarixi atlası" adı ilə nəşr edilmişdir. Bu, ölkəmizin ərazisi, sərhədləri haqqında dolğun təsəvvür yaratmaqla, məkrli erməni iddialarına ən dolğun və obyektiv cavabdır. Onun 2022-ci ildə nəşr etdirdiyi "Azərbaycan Tarixi Xəritələrdə" Atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli tarix xəritələri atlasıdır.

Akademik Yaqub Mahmudov geniş diapazonlu, yüksək erudisiyalı alim olmaqla yanaşı, həm də ölkəmizdə elm və təhsil təşkilatçısı kimi də şöhrət qazanmışdır. O, Bakı Dövlət Universitetində Tarix fakültəsinin dekanı kimi yüksəkixtisaslı tarixçi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Yeni ixtisasların açılması, tədris planlarının yenilənməsi, oraya yeni fənlərin daxil edilməsi, elmi-tədqiqat laboratoriyalarının, Arxeologiya və Etnoqrafiya muzeyinin təşkili bilavasitə Yaqub Mahmudovun adı ilə bağlıdır.

Yaqub Mahmudov 2004-cü ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna direktor təyin edilir. Təcrübəli elm təşkilatçısı olan Yaqub Mahmudov qısa müddət ərzində Tarix İnstitutunun fəaliyyətində də əsaslı dönüş yaradır. Onun təşəbbüsü və rəhbərliyi ilə institutun elmi-tədqiqat planları dəyişdirilərək yenidən işlənmişdir. Əsas diqqət Azərbaycanın itirilmiş ərazilərinin tarixinin araşdırılmasına, Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiyalar və soyqırımlar tarixinin öyrənilməsinə, xarici ölkələrin arxivlərində, elmi mərkəzlərində Azərbaycanla bağlı olan arxiv materiallarının, sənədlərin ölkəmizə gətirilməsinə və nəşr olunmasına, Azərbaycanın tarixi torpaqlarının tarixinin tədqiqinə və başqa bu kimi vacib olan problemlərin araşdırılmasına yönəldilmişdir.

Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Azərbaycan dövlətçiliyinin tarixi, tarixi dövrlərdə fəaliyyət göstərmiş Azərbaycan dövlətləri, Azərbaycanın müstəqillik dövr tarixi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında da fundamental tədqiqatların aparılması kimi məsələlər mühüm yer tutur. "Heydər Əliyev ideyalarının zəfər yürüşü", "Heydər Əliyev şəxsiyyəti" əsərlərində və çoxsaylı elmi məqalələrində müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ömür yolunu, tarixi xidmətlərini, fenomen şəxsiyyətə xas olan yüksək qabiliyyətlərini, müasir Azərbaycan üçün əvəzedilməz rolunu tədqiq etmiş, Heydər Əliyev siyasi kursunun alternativsizliyini, Azərbaycan dövlətçiliyinin qorunması və əbədi yaşaması üçün yeganə təminat olduğunu bir daha təsdiqləyir.

Yaqub Mahmudovun rəhbərliyi, elmi redaktorluğu və müəllifliyi ilə ikicildlik "Heydər Əliyev" fundamental monoqrafiyası və "Heydər Əliyev Azərbaycan elminin keşiyində" sənədlər və materiallar toplusunu iki cilddə hazırlayaraq nəşr etdirmişdir. Geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış "Heydər Əliyev" ikicildlik elmi araşdırma, sənədlər və materiallar toplusu dahi şəxsiyyətin ömür yolunun akademik səviyyədə araşdırılması və elmin keşiyindəki xidmətləri yolunda mühüm addımdır.

Tarix İnstitutunda "İlham Əliyev və Azərbaycan tarix elmi", "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri", "Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası" adlı fundamental monoqrafiyalar da hazırlanmış və nəşr olunmuşdur. Bütün bunlar Tarix İnstitutunun və onun rəhbərinin Azərbaycan dövlətinə, dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyev siyasi kursuna nə qədər sədaqətli və bağlı olduğunu bir daha təsdiq edir.

"İtirilmiş torpaqların tarixi" problemi müasir Azərbaycan tarixşünaslığında elmi və siyasi baxımdan aktuallıq kəsb edən istiqamətlərdən biridir. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu zamanı onun ərazisi 113,9 min kv.km idi ki, bunun da 97,3 min kv. km-i mübahisəsiz ərazilərimiz sayılırdı. Lakin XX əsrin müxtəlif illərində Azərbaycan müəyyən səbəblərdən ərazisinin 20 min kv.km-ə qədər hissəsini itirmişdir. Həmin torpaqlar qonşu dövlətlərin - Rusiyanın, Gürcüstanın və Ermənistanın tərkibindədir. Bu istiqamətin elmi dövriyyəyə cəlb edilməsi və bu problemin tədqiqi bilavasitə Yaqub Mahmudovun adı və rəhbərliyi ilə bağlıdır. Bu istiqamətdə əhəmiyyətli tədqiqat işləri aparılmış, fundamental tədqiqat əsərləri yazılmışdır. Yaqub Mahmudovun elmi redaktorluğu və həmmüəllifliyi ilə yazılmış "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri", "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyaları özgə torpaqlarına yiyələnmək siyasəti aparan, "böyük Ermənistan" xülyası ilə yaşayan erməni işğalçılarının şovinist siyasətlərinə ciddi zərbə olmuşdur. Hər üç əsər saxta erməni tarixşünaslığının ifşasına yönəlmişdir. Bu əsərlərin Azərbaycan tarixi üçün böyük elmi və siyasi əhəmiyyəti nəzərə alınaraq 2012-ci il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Bu mükafatı akademik Yaqub Mahmudov və onun 12 nəfər tarixçi həmkarı almışdır.

Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində daha çox diqqət yetirdiyi məsələlərdən biri də dünyanın müxtəlif ölkələrinin arxivlərindən ölkəmizlə bağlı sənəd və materialların əldə edilməsi, tədqiqi və nəşridir. Bunu Tarix İnstitutunun ən müsbət və dəyərli işi kimi qeyd edə bilərik. İnstitutun bir qrup əməkdaşı tərəfindən Rusiya Federasiyasının bir sıra şəhərlərindən, London, Paris, Dehli, Ankara, İstanbul, Berlin, Tiflis kimi şəhərlərin arxivlərindən əldə olunan sənəd və materialların xeyli hissəsi toplular şəklində nəşr olunaraq elm adamlarına və geniş oxucu kütləsinə təqdim edilmişdir. Arxiv sənədləri əsasında nəşrə hazırlanmış və işıq üzü görmüş kitabların sayı 35-dən artıqdır.

Azərbaycan Respublikasının tarixinin, mədəniyyətinin, beynəlxalq əlaqələrinin tanıdılmasında, rol və əhəmiyyətinin artırılmasında Yaqub Mahmudovun böyük xidmətləri olmuşdur. Bu işləri düzgün məcrada istiqamətləndirən Yaqub Mahmudov bir sıra ölkələrdə keçirilən tədbirlərə, konfranslara qatılır, həm də rəhbərliyi ilə keçirilən beynəlxalq konfranslara xarici ölkələrin elm adamlarını dəvət edir. Son illərdə keçirilən beynəlxalq səviyyəli konfrans və simpoziumlar - "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı", "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi", "Ortaq türk tarixinin araşdırılması problemləri", "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" mövzularında keçirilən beynəlxalq elmi konfrans və simpoziumlar mühüm tarixi əhəmiyyət daşıyır. Akademik Yaqub Mahmudov dünyanın 22 ölkəsinin 60-a yaxın şəhərində keçirilən beynəlxalq simpoziumlarda, müxtəlif xarakterli toplantılarda, görüşlərdə, konfranslarda iştirak və çıxışlar etmiş, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etmişdir.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 1936-cı ildə yaranmışdır. Bu elm ocağına tarix elminin inkişafında böyük əməyi olan respublikanın görkəmli alimləri rəhbərlik etmişlər. 2004-cü ildən Yaqub Mahmudov Tarix İnstitutuna uğurla rəhbərlik etmişdir. Tarix İnstitutu heç vaxt Y.Mahmudovun rəhbərlik etdiyi illərdəki qədər nüfuza malik olmamış, onun əməkdaşlarının həmin illərdəki qədər əsərləri nəşr edilməmiş, beynəlxalq arenaya çıxmamışdır. İnstitutda dünya tarixinin ən əhəmiyyətli, elmi həllini gözləyən problemlər araşdırılnış və bunlar elmi nəşrlərdə əksini tapmışdır. Bu baxımdan son 15 il ərzində Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri və sənəd topluları nəşr edilmişdir. Yaradılan yeni şöbə və qruplar respublika miqyaslı problemlərin araşdırılmasına yönəldilmiş və uğur qazanmışdır. Yeri gəlmişkən, 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində AMEA Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə - "Best Enterprises" diplomuna layiq görülmüşdür.

Yaqub Mahmudov Vətən tarixi, Ümumi tarix, Beynəlxalq münasibətlər tarixi, tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisasları üzrə namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə birləşmiş Dissertasiya Şurasının sədri kimi də böyük elmi-təşkilati iş aparmışdır. Əgər nəzərə alsaq ki, AMEA-nın Tarix İnstitutu respublikada tarix üzrə tədqiqat mərkəzidir, onda demək olar ki, Yaqub Mahmudov elmi təsadüfi, perspektivi olmayan işlərdən qorumuş, Azərbaycan tarixşünaslığına böyük fayda verən dissertasiyalara yaşıl işıq yandırmışdır. Dissertasiya Şurası onun iştirak və rəhbərlik etdiyi dövrdə 300-ə yaxın istedadlı gənc tədqiqatçılara elmi vəsiqə vermişdir.

Akademik Yaqub Mahmudov Azərbaycanı sevən böyük vətəndaşdır, Azərbaycanın canlı ensiklopediyasıdır. Yaqub Mahmudov sovet dövründə belə Azərbaycan tarixini milli düşüncə zəminində araşdıran alimlərdən biri olub.

Görkəmli elm xadimi Yaqub Mahmudov geniş ictimai fəaliyyət göstərən alim-ziyalılarımızdandır. O, Azərbaycan Respublikasının Milli Məclisinə II, III, IV və V çağırış deputat seçilmişdir. Azərbaycan Respublikasının "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimidir. 2012-ci ildə "Elmdə ad" fəxri tituluna, 2013-cü ildə "Kraliça Viktoriya" diplomuna və medalına, "Dünya elminə töhfə" medalına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Kazakları İcmasının "Ataman Anton Qolovatıy" və beynəlxalq "Fenomen" ordenləri ilə təltif olunmuş, "Avropada ilin alimi" Beynəlxalq mükafatına layiq görülmüşdür. O, ölkəmizin Yusif Məmmədəliyev, Rəsul Rza, "Qızıl qılınc", "Qızıl qələm", "Samir Əsgərxanov", "Humay", "Gənclərin dostu" milli mükafatlarının laureatı, onlarla şura, komitə və komissiyaların üzvü, dünyanın 6 Beynəlxalq Elmlər Akademiyalarının həqiqi üzvüdür.

Akademik Yaqub Mahmudovu - görkəmli və nüfuzlu Azərbaycan tarixçisini, tanınmış elm mücahidini, ictimai-siyasi xadimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

  • Paylaş: