Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Azərbaycan əsilli ərəb ədəbiyyatı şairi İsmayıl ibn Yəsara həsr olunan ikinci buraxılışı yayımlanıb
15.02.2024 14:26
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Azərbaycan əsilli ərəb ədəbiyyatı şairi İsmayıl ibn Yəsara həsr olunan ikinci buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin Azərbaycan əsilli ərəb ədəbiyyatı şairi İsmayıl ibn Yəsara həsr olunan ikinci buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə bildirilib ki, şair çox zarafatcıl və hazırcavab olub. Düşdüyü ən çətin vəziyyətdən çevikliyi ilə çıxa bilib: “X yüzilliyin görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahani xəbər verir ki, adətən axşamlar dost-tanışları, sevənləri İsmayıl ibn Yəsarın mənzilinə axışar, onun şeirlərini dinləyər, söhbətlərindən feyziyab olarlarmış. Bir gün mahalda Əbül Qeys adlı başqa biri peyda olur və o, ətrafına insanları toplayaraq İsmayıl ibn Yəsar haqqında şayələr yaymağa başlayır. Bir gün şair Əbül Qeysin evinə gedir və onu mənzilində deyişməsi ilə pərt edir”.

Akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan əsilli şair İsmayıl ibn Yəsar hansı sözü hansı məqamda deməyin ustası idi. Onun iti sözünə görə başına çox işlər gəlib.

Diqqətə çatdırılıb ki, şair VII yüzilin ikinci yarısını, VIII yüzilin birinci yarısını bütöv yaşayıb. Həmin dövrdə ərəb dünyasında, ərəbdilli şeir aləmində yüzlərlə şair vardı. Lakin onun yazdıqları axıcılığı ilə seçilirdi, nəğmələrə çevrilirdi. İsmayıl ibn Yəsar hər addımda ədəbiyyata yeniliklər gətirib, ədəbiyyatı, şeiri içəridən dəyişib, ona ayrı bir rövnəq verib. Onun sətirlər içərisindəki kəlimlərinin hamısı bir-biri ilə əl-ələ idi. O dövrdə şairin şeirdə etdikləri yeniliklər idi. Tarix yaratmaq, köhnələri dəyişmək, yeniliklik yolunda mübarizə aparmaq onun alın yazısı idi.

Vurğulanıb ki, uzun ömür yaşamış mübariz şair məhəbbət şeirləri yazıb, ifşaçı mənzumələr qələmə alıb, zəmanədən şikayətlər edib. İsmayıl ibn Yəsar taleyin onun həyatından erkən ayırdığı insanlara ağılar yazıb.

Verilişdə akademik Rafael Hüseynov şairin qardaşı İbrahim ibn Yəsarin ölümünə həsr etdiyi kədərli mənzuməsini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: