Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.02.2024 17:03
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları “Turizm inkişaf planı” ilə bağlı müzakirələrdə iştirak ediblər

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları “Turizm inkişaf planı” ilə bağlı müzakirələrdə iştirak ediblər

Şəki Destinasiya Menecmenti Təşkilatı və Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Turizm inkişaf planı”nın hazırlanması istiqamətində sənaye nümayəndələrilə görüş keçirilib.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizmin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərini özündə birləşdirən, hazırlanmaqda olan “Destinasiya İnkişaf Planı” adlı strategiya sənədinin əsas məqsədini regional turizm idarələrinin növbəti 5 ildəki fəaliyyətlərinə istiqamət vermək təşkil edir.

Görüşdə BMT-nin İnkişaf proqramının (UNDP) layihə eksperti Don Taylor, BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin yerli turizm eksperti Aida Bayramova, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini b.ü.f.d. Fərhad Əzizov və Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova, Şəki Regional Turizm İdarəsinin rəisi Vüqar Abbasov, Qax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əfəndi Mahir, Qax rayonu Ləkit kəndi Bal Evi - Arıçılıq kompleksinin rəhbəri Bədrəddin Həsrətov, İlisu Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev və bir çox turizm subyektləri iştirak ediblər.

Şəki REM-in elmi işlər üzrə direktor müavini b.ü.f.d. Fərhad Əzizov çıxış edərək şimal-qərb bölgəsində turizmin inkişafının stimullaşdırılması baxımından hazırlanan sənədin önəmini qeyd edib. O, turizmdə klasterləşmənin tətbiqi və kənd turizminin paradiqmasına uyğun logistik fəaliyyətlərin gücləndirilməsi, turizmdə beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi, xüsusən də xarici bazar konyukturuna uyğun qiymətlərin və turizm məhsullarının hazırlanması və təqdim olunmasının əhəmiyyətindən danışıb.

Fərhad Əzizov, həmçinin Şəki, Qax, Zaqatala və Balakən üzrə bir sıra dünya və ölkə əhəmiyyətli abidələrin, yeni turizm rekreasiya zonalarının təqdim olunan klasterlərə salınmasının vacibliyini vurğulayıb, bu sahədə birgə fəaliyyətlərin gücləndirilməsi və əlaqələrin yaradılması məqsədilə Regional Turizm Logistik Mərkəzinin yaradılması təklifini irəli sürüb.

Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova isə çıxışında Qax rayonu ərazisindəki mövcud rekreasiya ehtiyatları, mineral və termal sular əsasında istirahət-müalicə obyektlərinin yaradılmasının əhalinin sağlamlığı baxımından önəmli olduğunu diqqətə çatdırıb.

Şəki REM-in təqdim etdiyi təkliflər sırasında Ekoloji coğrafiya şöbəsinin müdiri c.ü.f.d. Qafqaz Ağabalayev tərəfindən 2018-ci ildə qeydə alınan Kiş çayının Damarçın qolu üzərindəki “Xudgər” və 2023-cü ildə qeydə alınan “Meşəbaşı” şəlalərinin, Danaveç yaylasının, eləcə də “Baş Şabalıd” biogeosenozunun xüsusi mühafizə olunan təbiət ərazisi olaraq klasterlərə əlavə edilməsi kimi əhəmiyyətli məsələlər də yer alıb.

Təqdim olunan təkliflərin qəbul edildiyi və “Destinasiya İnkişaf Planı” adlı strategiya sənədində nəzərə alınacağı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: