Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.02.2024 16:58
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq, maksimal sinifli alışma 3576 oblastındakı X2.5 sinifli alışma olmuşdur. Alışma Günəş limbi yaxınlığında baş verdiyindən Yerə güclü  təsiri olmayıb. Alışmalar nəticəsində radio rabitədə R2-R3 səviyyəli fasilələr, 10 sm dalğa uzunluğunda radioalışmalar, II-IV tip radioemissiya, Tac Kütlə Atılmaları (TKA) və Günəşin cənub qütbü yaxınlığında nadir qeydə alınan filament püskürməsi qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 84 ləkə müşahidə olunur. Tac dəlikləri müşahidə olunmur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli 12-16 fevralda yenidən S2 səviyyəli radiasiya qasırğasınadək yüksəlmişdir (maks: 117 pfu).  Hal-hazırda sönmə prosesi davam edir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 12-14 fevral tarixinə gözlənilən TKA-nın təsiri nəticəsində 705km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə -6 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (278 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 3.97 nT, radial istiqamətdə isə  1.32 nT təşkil edir.

Hesabat dövrü ərzində 12-14 fevralda gözlənilən geomaqnit qasırğası baş verməsə də, TKA-nın təsiri Günəş küləyinin sürətini artırmış, davamlı olaraq S2 səviyyəli proton qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 1.7-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (19-25 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə bir qədər yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin 16 fevralda baş vermiş TKA-nın təsiri ilə 19-20 fevralda bir qədər artacağı gözlənilir.

Geomaqnit sahəsinin sakit, lakin qeyri-stabil olacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: