AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin və Akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri və Akademiyanın Qadınlar şurasının üzvləri iştirak ediblər.
Öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin sədr müavini akademik Nərgiz Axundova açaraq Azərbaycanın Qarabağ ərazisini işğal etmək üçün Ermənistanın apardığı məkrli siyasətdən bəhs edib. Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Sonra AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. Alim vurğulayıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşub.
“Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir” - deyə Zemfira Hacıyeva bildirib.
Tədbirdə AMEA Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru professor Rəna Mirzəzadə çıxış edərək erməni faşizminin insanlığa zidd xislətinin dünya ictimaiyyətinə çatdırılmasında alimlərimizin böyük rolu olduğunu qeyd edib. Alim Xocalı faciəsinin mahiyyətinin və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Professor Rəna Mirzəzadə bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilən yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur.
Anım tədbirində AMEA Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva “İlham Əliyev Qarabağın xilaskarıdır”, Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix elmləri doktoru Nigar Gözəlova “Xocalı soyqırımı-qan yaddaşı”, Folklor İnstitutunun Qadınlar Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Xocalı folklorunda qadınlar”, Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma “Ədəbiyyatımızda Xocalı mirasları” mövzusunda məruzə ediblər.
Məruzələrdə Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğu bildirilib. Xocalı soyqırımının hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi qırğınların davamı olduğu diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Sosial xidmətlər şöbəsinin müdiri texnika elmləri doktoru, professor Elton Məmmədov və fəlsəfə elmləri doktoru professor Rəbiyyət Aslanova Xocalı faciəsinin baş vermə səbəblərindən və acı nəticələrindən danışıb, həmin günlərin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildiriblər.
Sonda Ali Baş Komandan Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərindən və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasını əks etdirən videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.