Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2024 19:00
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib

Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib

Fevralın 23-də AMEA-nın akademik Z.M.Büynadov adına Şərqşünaslıq  İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.

Tədbirin əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu deyərək, həmin hadisələrdə kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin sağlamlığını itirməsini, 1275 dinc sakinin girov götürülməsini, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmamasını, 8 ailənin tamamilə məhv edilməsini, 25 uşağın hər iki valideynini itirməsini qeyd edib. R.Cümşüdlü Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının atdığı addımlardan danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Xocalı soyqırımını bəşəriyyətin ən qanlı faciəsi adlandırıb. S.Talıblı 1992-ci ilin fevralında Azərbaycan kəndlərindən Malıbəyli, Qaradağlı və Ağdabanın ermənilər tərəfindən işğalından danışaraq, ermənilərin Xocalıya üç istiqamətdən hücum etdiklərini, əhalinin Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olduqlarını, qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla qətlə yetirildiyini deyib.

İnstitutun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı 1992-ci ilin 26 fevralında Xocalıda həyata keçirilən soyqırımının  bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi olduğunu deyib. Xocalı qətliamını XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima, Lidisa, Oradur faciələri ilə müqayisə edən E.Mustafayev bildirib ki, bu soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər.

İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi siyasi elmlər doktoru, dosent Adil Mirabdullayev isə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: