AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, Övsət Abdinovun 80 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə institutun əməkdaşları alimin məzarını ziyarət ediblər.
Daha sonra Ö.Abdinovun xatirəsinə həsr olunan elmi sessiya öz işinə başlayıb. Tədbirdə yubilyarın xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onun elmi, elmi-təşkilati fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub. Elmi sessiyada Övsət Abdinovun həyat yoldaşı və ailə üzvləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açaraq Övsət Abdinovun Azərbaycan elminin ən dəyərli nümayəndələrindən biri oluduğunu vurğulayıb. Bildirib ki, yubilyar Azərbaycanda nüvə fizikası məktəbinin yaradıcılarından olub. O, Övsət Abdinovun böyük alim və insan, yaxşı dost, əsil elm fədaisi olduğunu qeyd edib. A.Həşimov alimlə birlikdə CERN (Avropanın nüvə araşdırmaları təşkilatı) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) səfərlərindən, birlikdə iştirak etdiyi beynəlxalq konfranslardan danışıb. O, yubilyara və əməkdaşlarına dünya alimləri arasında yüksək dəyər verildiyini qeyd edib. Akademik məhz Övsət Abdinovun elmə verdiyi töhfələr nəticəsində bu gün də BNTİ-də çalışan azərbaycanlı alimlərə xüsusi qiymət verildiyini bildirib.
Daha sonra institutun laboratoriya rəhbəri fizika-riyaziyyat elmləri dokotoru Şakir Nağıyev Övsət Abdinovun həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktorları Mais Süleymavov və Ayaz Bayramov yubilyar haqqında xatirələrini danışıblar.
BNTİ-nin vitse-prezindeti V.D.Kekelidze, elmi katib A.D.Çeplakov və elmlər doktoru Mirzə Mətləb, Azərbaycan Həmyerlilər İcmasının üzvü Nazim Hüseynov videomüraciət vasitəsilə Övsət Abdinov haqqında düşüncələrini bölüşüblər.
Yubilyarın həyat yoldaşı Suğra xanım ailə başçısı, ata, baba və alim kimi keyfiyyətlərindən danışıb. Çıxışın sonunda tədbirin təşkilinə və göstərilən diqqətə görə institutun rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda Övsət Abdinovun iş otağında alimə həsr olunmuş guşənin açılışı olub, xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.