Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.
İclasda institutun Həmkarlar Təşkilatı, Yeni Azərbaycan Partiyasının ərazi təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı bildirib ki, xalqımız tarixən çox ağrı-acılı, qanlı-qadalı faciəvi günlər yaşayıb. Bunlardan ən dəhşətlilərindən biri məhz Xocalı soyqırımıdır. 32 il öncə Xocalıda yaşanan bu faciə yalnız bir xalqa qarşı deyil, ümumən insanlığın əleyhinə yönəlmiş bəşəri cinayət idi. Bu gün dünyanın bir sıra dövlətləri Xocalı faciəsini soyqırım faktı kimi rəsmən tanıyıblar. Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması istiqamətində aparılan düzgün və məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bu dövlətlərin siyahısı ilbəil artmaqdadır. Xocalı soyqırımı kimi faciələrin bir daha yaşanmaması üçün hər birimiz bir vətəndaş olaraq dövlətimizin, dövlətçiliyimizin yanında olmalı, onun artan gücünə öz əməli töhfələrimizi verməliyik.
Daha sonra institutun aparıcı elmi işçisi Faiq Məmmədov, elmi işçilər Aygün İsazadə, Fatma Şıxıyeva və Sevinc Cavadova çıxış edərək bildiriblər ki, bu faciə özünü tarixən guya əzilən, yazıq, məzlum bir xalq kimi göstərməyə çalışan ermənilərin əsil milli kimliyini ortaya qoydu. Qeyd olunub ki, bu faciədə əli günahsız insanların qanına bulaşanların cəzalandırılması üçün bütün istiqamətlərdə iş aparılmalıdır. Burada vətəndaş cəmiyyətinin, xüsusən ziyalıların geniş imkanları var. Bu baxımdan beynəlxalq arenada dövlətimiz tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyası mühüm bir platformadır. Əlbəttə, o gecə qətl edilən yüzlərlə insanın hələ də ürəyimizi sızladan faciəsi heç zaman yaddaşlardan silinməyəcəkdir. Lakin təskinliyimiz odur ki, işğal olunmuş torpaqlarımız artıq azaddır və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz Xocalının qisasını döyüş meydanında aldıq!”
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.