Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2024 16:38
  • A-
  • A
  • A+

“Xalqımızın qan yaddaşı” mövzusunda tədbir keçirilib

“Xalqımızın qan yaddaşı” mövzusunda tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Xalqımızın qan yaddaşı” mövzusunda anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra muzeyin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı giriş nitqi ilə tədbiri açıb. O, 1992-ci il fevralın 26-da erməni faşistlərinin öz cinayətkar havadarlarının yardımı ilə Xocalı şəhərində törətdikləri qeyri-insani qətliamı yada salıb, kütləvi soyqırım aktının qurbanı olan insanların bütün yaş qrupunu əhatə etdiyini bildirib. Məlumat verib ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı soyqırımının xalqımızın tarixindəki ən dəhşətli faciələrdən biri olduğunu qeyd edən alim bildirib ki, mənfur düşmən o gecə beynəlxalq humanitar hüquqda yolverilməz sayılan genosid cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atıb və XX əsrin ən dəhşətli qırğınını törədib. Təəssüf ki, ermənilərin Qafqaza köçürülməsindən bəri qonşuluq taleyini bölüşdüyümüz etnik qrup millətimizin tarixinə hər zaman soyqırım hadisələrini törədən mənfur toplum kimi yazılıb. Xocalı soyqırımı ölkəmizin yaşadığı ilk faciə deyil.

G.Babaxanlı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin 1994-cü ildə “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi Qərar qəbul edildiyinə, həmin tarixi sənəddə hadisənin başvermə səbəbləri və günahkarlarının açıqlandığına da diqqəti çəkib. Qeyd edib ki, otuz il ərzində Azərbaycan hökuməti və Heydər Əliyev Fondu dünya ölkələrində “Xocalıya ədalət” kampaniyası həyata keçirməklə Xocalı həqiqətlərini tanıdıb. 

Xocalı qurbanlarının intiqamı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qəhrəman ordumuz tərəfindən alındı. Lakin əzəli torpaqlarına geri dönüş edən xalq addım-addım, torpağın hər qarışında 90-cı illərdə məruz qalınmış qırğınların kütləvi məzarlıqları ilə qarşılaşmalı olur. Hələ də I Qarabağ müharibəsində itkin düşüb tapılmayan insanlar var.

Sonda bu qanlı cinayət aktına həsr olunmuş “Xocalı soyqırımını unutma!” mövzusunda kitab sərgisinə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: