Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2024 19:57
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Əlyazmalar İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

 

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdır!” adlı anım tədbiri keçirilib.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Slavyan Universitetindən bir qrup tələbənin də qatıldığı tədbiri giriş sözü ilə açan institutun elmi katibi fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə xalqımızın başına gətirilən faciələr haqda danışıb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdiyini və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutduğunu qeyd edib. Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu vurğulayan alim soyqırım zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxsin qətlə yetirildiyini, 487 dinc sakinin ağır yaralandığını, 1275 nəfərin isə girov götürüldüyünü diqqətə çatdırıb. Bildirib ki, ermənilərin Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində 20 faizə qədər işğal edilmiş əzəli Azərbaycan torpaqlarımız 44 gün sürən döyüşlər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Daha sonra məruzə üçün söz Əlyazmalar İnstitutunun doktorantı, Əlyazmaların elektron resurslar şöbəsinin baş biblioqrafı Vüqar Hacıyevə verilib. V.Hacıyev “Xocalı faciəsi şahidlərin dili ilə” mövzusunda məruzə ilə çıxış edərək tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən bəhs edib.

Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.e.d., professor Kamandar Şərifov, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi fil.e.d., professor Raqub Kərimov və Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix e.d., professor Tahirə Həsənzadə məruzə ətrafında çıxış edərək son iki yüz il ərzində erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirmələrinə baxmayaraq Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında Dəmir yumruq kimi birləşməsi sayəsində haqq-ədalətin nəhayət bərqərar olduğunu vurğulayıb, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə, o cümlədən Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyiblər.

Sonda tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Xocalı harayı” mövzusunda kitab sərgisi ilə tanış olublar. Sərgi həm institut əməkdaşlarının, həm də institutda istehsalat təcrübəsi keçən tələbələrin böyük marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: