Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2024 13:58
  • A-
  • A
  • A+

Folklor İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Folklor İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AMEA-nın Folklor İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə institutun Qadınlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova açaraq, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Folklor studiyasının hazırladığı “Xocalı fəryadı” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra A.İbrahimova sözünə əlavə olaraq qeyd edib ki, Xocalıda törədilən soyqırım aktı bəşər tarixində ən qanlı səhifələrdən biridir. Bu dəhşətli faciə yüzlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələnib. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalı, bu qanlı cinayətin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq”, – deyə A.İbrahimova bildirib.

Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova çıxış ederək, Xocalı soyqırımının insanlığa sığmayan cinayət olduğunu qeyd edib. Məruzəçi bildirib ki, Xocalı qətliamına kimi dünya tarixində Benqal soyqırımı, Holokost qırğını, Ruandada baş vermiş hərəkat və Kambocada törədilən soyqırımı kimi faciələr olub. Lakin heç bir soyqırımı faktında Xocalıdakı kimi bir gecədə bir şəhər tamamilə yerlə-yeksan olunmayıb, insanlar canlı-canlı torpağa gömülməyib, insanlığa zidd hadisələr baş verməyib. Xocalı soyqırımının baş verməsi əslində iki əsrdən artıq davam edən erməni-müsəlman (türk) münasibətlərinin bir həlqəsi idi. “Bu faciə qanlı bir tarix olsa da, bizim xalq olaraq, millət olaraq şərəfimizə, heysiyyətimizə toxundu, xalqın ruhunu titrətmək, inqilabi ruhu formalaşdırmaq üçün həm də bir istinad nöqtəsi oldu”, – deyə M.Abbasova bildirib.

İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov ermənilərin etnik təmizləmə siyasətindən danışıb. O, ermənilərin törətdiyi Ağdaban, Malıbəyli, Quşçular qətliamlarının Xocalı soyqırımı ilə bir silsilə təşkil etdiyini vurğulayıb.

Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı çıxış edərək bildirib ki, biz Xocalı soyqırımını heç vaxt unutmamalı, həqiqətləri gələcək nəsillərə çatdırmalı, həmin hadisələri əbədiləşdirmək üçün filmlər çəkməli, adibələr ucaltmalıyıq.

Sonda çıxış üçün söz alan Türk xalqları folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər və həmin şöbənin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyar Xocalı soyqırımı ilə bağlı təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: