Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin malik olduğu rol, onun zəngin həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti haqqında geniş danışıb. O, Rəsulzadənin yaşadığı dövrdən, onu yetişdirən mühitdən bəhs edib.
Sonra Aran filialının elmi işçisi Ülviyyə Yusifova “M.Ə.Rəsulzadənin həyatı və yaradıcılığı siyasi fəaliyyəti fonunda” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Rəsulzadənin həyatı, yaratdığı, üzv olduğu təşkilat və qurumlar haqqında danışaraq, onun siyasi fəaliyyəti boyunca Azərbaycan və digər ölkələrdə gördüyü mühüm dövlət əhəmiyyətli işlərdən söz açıb. Həmçinin onun ədəbi-bədii yaradıcılığı, əməkdaşlıq etdiyi qəzet və dərgilər, ədəbiyyatşünaslıq üçün vacib monoqrafik əsərlərindən bəhs edib.
Ülviyyə Yusifova M.Ə.Rəsulzadənin Cümhuriyyət dönəmində misilsiz xidmətlər göstərdiyini deyib, Cümhuriyyət dağıldıqdan sonra mühacirətdə olan siyasi fəaliyyəti və ailəsinin acınacaqlı taleyi haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filiallar üzrə direktor müavini Ləman Muxtarzadə M.Ə.Rəsulzadənin Cümhuriyyət yarandıqdan sonra yeni müstəqil dövlətin demokratik əsaslarla idarə olunmasında parlamentin vacibliyindən, Rəsulzadənin parlamentin təsis olunmasında rolundan, bu xüsusda olan yazıları və çıxışlarından danışıb. O, Üzeyir Hacıbəyovun Rəsulzadənin parlamentin açılış nitqi haqqında dediyi sözləri səsləndirib.
Sonda şagirdlər M.Ə.Rəsulzadənin şeirlərindən nümunələr səsləndiriblər.
İştirakçılar Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx və onun haqqında çəkilmiş sənədli filmdən epizodu izləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.