Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2024 20:11
  • A-
  • A
  • A+

“Çərşənbə günündə musiqi çeşməsi” adlı seminar keçirilib

“Çərşənbə günündə musiqi çeşməsi” adlı seminar keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin təşkilatçılığı ilə “Çərşənbə günündə musiqi çeşməsi” adlı musiqili seminar keçirilib.

Seminarı şöbənin müdiri sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli aparıb.

Əvvəlcə Od çərşənbəsi haqqında Azərbaycan xalqında qədim zamanlardan bugünədək gəlib çatan inanclardan bəhs olunub.

Qeyd olunub ki, Novruzun gəlişi hər zaman insanlarda yüksək əhvali-ruhiyyə yaradır. Boz ayın ikinci çərşənbəsi olan Od çərşənbəsi də, həmçinin insanlarda istilik, hərarət, yaşayıb-yaratmaq həvəsi oyadır. Sanki bu bayramı qeyd etməklə insanlar Günəşi səsləyir, onu salamlayır, gəlişinə sevinir, Od çərşənbəsini bayram edirlər. Od enerjidir, həyat mənbəyidir. Xalqımızın qədim adət-ənənəsinə və inanclara görə insanlar bu çərşənbədə tonqal qalayır və alovun üstündən tullanırlar. Bunda məqsəd insanların ağrı-acısını, mənfi auranı tonqalda yandırmaq, mənəvi təmizlənməkdir. Bu müqəddəs ənənəyə sadiq qalmaqla sanki insanlar mənəvi rahatlıq tapırlar.

Diqqətə çatdırılıb ki, xalqımız odu hələ atəşpərəstlikdən əvvəl də müqəddəs və təmizləyici varlıq bilib. Od çərşənbəsində od rəmzi olaraq yandıran, istilik verən məfhumu kimi yox, müqəddəs, təmizləyən anlayışı kimi qəbul edilir. Xalqın şüuraltında zaman-zaman yaşayan mifoloji dünyagörüşə görə insanlar qara qüvvələrin od vasitəsilə məhv ediləcəyinə inanıblar, müəyyən rituallara əməl ediblər. Tonqalın üstündən tullananda da sanki öz ağırlığımızı oda tökürük. Od yandırmaq həm də birlik rəmzi hesab olunur. Hamı tonqal başına yığılır, növbə ilə alovun üstündən atlanırlar. Bu zaman insanlarda sevinc hissi, yüksək əhvali-ruhiyyə yaranır.

Professor İradə Köçərli seminar haqqında qısa məlumat verib, seminarın elmi əhəmiyyət kəsb etdiyindən danışıb və tədbir iştirakçılarını Od çərşənbəsi münasibətilə təbrik edib.

Musiqili seminar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru sənətşünaslıq ü.f.d., dosent Kəmalə Atakişiyeva, elmi işçi Fəridə Mirişova və böyük laborant Zülfiyyə Musayevanın ifası ilə başlayıb. Sonra dosent K.Atakişiyeva  V.A.Mozartın “Lya major” sonatasının üçüncü hissəsini - “A la turka”nı, K.Atakişiyeva və Z.Musayeva Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”nı, F.Mirişova Səid Rüstəmovun “Getmə” və Z.Musayeva Qara Qarayevin II prelüdünü ifa ediblər. Hər bir ifadan sonra professor İ.Köçərli musiqinin ümumi məzmunu, musiqili-nəzəri xüsusiyyətləri haqqında fikirlərini bölüşüb.

Daha sonra professor İradə Köçərli son zamanlar şöbənin apardığı araşdırmalardan, Azərbaycan bəstəkarlarının nota saldığı xalq melodiyalarının əlyazmalarından, onların hələ də arxiv rəfləri arasında qalmasından və son illər həmin əlyazmaların rəqəmsallaşdırılaraq kitab-not şəklində nəşr olunmasından danışıb. Görkəmli bəstəkar Q.Qarayevin aşıq musiqisinə münasibətindən, öz əsərlərində istifadə etməsindən, indiyə qədər üzə çıxmayan aşıq havalarının not əlyazmalarından söhbət açaraq qeyd edib ki, saz alətinin köklənmə prinsipləri əsasında yaranan harmonik akkordlar müasir musiqi ilə səsləşdiyindən bəstəkarın qarşısında geniş imkanlar açır. İ.Köçərli bəstəkar Fikrət Əmirovun yaradıcılığı üzərində dayanıb və onun arxivdən əldə etdiyi  səs və fortepiano üçün keçən əsrin 40-cı illərində yazdığı əlyazmalar haqqında məlumat verib. O, bir neçə “Səs və fortepiano üçün işləmə”ləri fortepianoda ifa edərək onlar haqqında elmi-nəzəri fikirlər söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: