AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbirə AMEA-ya daxil olan elmi tədqiqat müəssisələrinin həmkarlar təşkilatlarının sədrləri, AMEA Qadınlar Şurasının rəhbərliyi və fəalları, AMEA-da və ölkəmizin elmi-ictimai həyatında fərqlənən gənc alimlər iştirak ediblər.
Tədbiri AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov açaraq AMEA-da keçirilən silsilə tədbirlərdən və akademiyanın ölkə ictimaiyyəti qarşısında uğurlu hesabatından, AMEA rəhbərliyinin qadın tədqiqatçılara verdiyi qiymətdən danışdı. İştirakçıları təbrik etdi, onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Cəmiyyətdə və ailədə qadınların rolundan danışan Sənan Həsənov onların mənəvi dayaq olduqlarını önə çəkərək vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.
AHİ sədri AMEA-nın institut və təşkilatlarında qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Son illər qadın tədqiqatçıların əldə etdikləri nailliyyətləri bu qayğının nəticəsi kimi qiymətləndirib. Hazırda da akademiyada çalışan qadınlar mühüm tədqiqatları ilə Azərbaycan elminin inkişafına öz töhfələrini verdiklərini söyləyib.
Tədbirdə çıxış edən AMEA Qadınlar Şurası sədrinin müavini fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli, Tarix və Etnologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov bildiriblər ki, martın 8-i qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. Diqqətə çatdırılıb ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, onlar ictimai, sosial-iqtisadi, elmi və mədəni sahələrdə fəal iştirak edirlər.
Qadın hüquqları, gender bərabərliyi və dövlət siyasəti, ictimai təşkilatlarda qadınların fəaliyyət istiqamətləri, idarəetmədə qadınların rolu mövzularında çıxış edən natiqlərdən Vüsala Gülmalıyeva, Hafiza İmanova, İradə Zərqanayeva, Xanımağa İsmayılova, Qətibə Mahmudova və digərləri bildiriblər ki, Qalib Azərbaycanın taleyində qadınların roluna dair Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi qiymət onlar üçün əvəzsiz mükafatdır. Bu qiymət Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınına olan sonsuz qayğı və məhəbbətinin bu gündə davam etdiyini göstərir. Azərbaycan qadınının böyüklüyü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti ilə hamıya örnəkdir.
Sonda Akademiyanın elmi və ictimai həyatında fəal iştirak edən bir qrup qadına Azad Həmkarlar İttifaqının Fəxri fərmanları təqdim olunub və xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.