Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2015 11:16
  • A-
  • A
  • A+

Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş elmi seminar keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 30 Noyabr -  Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş elmi seminar keçirilib. Dünyada ilk dəfə 1988-ci ildə qeyd olunan bu əlamətdar hadisə ilə bağlı tədbir institutda da geniş şəkildə keçirilərək artıq ənənə halını alıb. Tədbirdə informasiya təhlükəsizliyinin tədrisi üzrə dünya təcrübəsi, sosial şəbəkələrdə təhlükəsizlik, AzScienceCERT-in hazırki fəaliyyəti və inkişaf perspektivləri, mobil telefonlarda informasiya təhlükəsizliyi ilə bağlı məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev artıq 27 ildir ki, dünya miqyasında qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününün əhəmiyyətindən danışıb. İnformasiya təhlükəsizliyinin təmini məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biri kimi strateji rol oynadığını bildirib. Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm sənədlərin qəbul edildiyini söyləyib. “Elektron hökumət” infrastrukturunun inkişaf etdirilməsi, onun dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə dövlət proqramlarının həyata keçirildiyini deyib. Prezident İlham Əliyevin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya təhlükəsizliyi məsələlərinin geniş şəkildə öz əksini tapdığını qeyd edib.

Tədbirdə respublikanın ictimai-mədəni həyatında əlamət­dar hadisə olan AMEA-nın 70 illik yubiley tədbirində ölkə başçısı İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərdən, alimlərin qarşısına qoyduğu vəzifələrdən də söz açılıb. R.Əliquliyev dövlət rəhbərinin humanitar və ictimai elmlərlə yanaşı texniki sahə üçün də hədəflər qoyduğunu qeyd edib, kosmik elmin inkişafının alimlərdən xüsusi araşdırmalar tələb etdiyini bildirib.

R.Əliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən tədbirlərə elmi dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını və müntəzəm olaraq elmi seminarların keçirildiyini bildirib. “İnstitutda artıq 20 ilə yaxındır ki, bu sahə üzrə tədqiqatlar aparılır. İnformasiya təhlükəsizliyinin təmini problemlərinin elmi-nəzəri əsasları araşdırılır, yeni metod və alqoritmlər işlənilir, dünyada bu sahədə görülən işlər və əldə edilən təcrübə öyrənilir” – deyən akademik  əldə olunmuş mühüm elmi nəticələrin elmi əsərlərdə, nüfuzlu jurnallarda, kitab və monoqrafiyalarda öz əksini tapdığını söyləyib. Qeyd edib ki, milli informasiya təhlükəsizliyinin formalaşmasına elmi-praktiki dəstək vermək, onun nəzəri əsaslarını inkişaf etdirmək, həmçinin dünya elminə töhfə vermək institutun əsas istiqamətlərindən biridir.

İnstitut direktoru informasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə elmi kadrların və yüksəkixtisaslı peşəkar mütəxəssislərin hazırlanması istiqamətində institutda həyata keçirilən işlərdən də danışıb. İnstitutun gənc alim və mütəxəssislərinin ixtisasartırma, təcrübə mübadiləsinin aparılması və treninqlərdə iştirakı ilə bağlı görülən tədbirlərdən söz açıb: “Gənc alim və mütəxəssislər bu məqsədlə Koreya, Türkiyə, Polşa kimi ölkələrə ezam olunurlar. Bu tədbirlər daha dərin nəzəri və praktiki biliklərin əldə olunmasına xidmət edir. Əldə olunan təcrübə Azərbaycan Milli Elmlər Akademiyasının AzScienceNet elm kompüter şəbəkəsində tətbiq olunur ki, bu da şəbəkə resurslarının daha səmərəli idarə və istifadə olunması baxımından vacibdir”. R.Əliquliyev bu sahə üzrə institutda onlarla elmlər doktoru və fəlsəfə doktorunun hazırlandığını qeyd edib. 

Tədbirdə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin “İnformasiya təhlükəsizliyi sahəsində təhsil üzrə dünya təcrübəsi”, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevin “Sosial şəbəkələrdə təhlükəsizlik problemləri”, bu elmi müəssisənin sektor müdiri Babək Nəbiyevin “AzScienceCERT-in hazırki fəaliyyəti və inkişaf perspektivləri”, institutun böyük elmi işçisi Şüşə Kərimovanın “Mobil telefonlarda informasiya təhlükəsizliyi” mövzusunda məruzələri dinlənilib.

Tədbirin sonunda akademik Rasim Əliquliyev ölkənin informasiya məkanının təhlükəsizliyinin təmini məsələləri ilə məşğul olan, informasiya təhlükəsizliyi mədəniyyətinin yüksəldilməsi sahəsində maarifləndirmə işlərini  aparan, bu sahəyə elmi dəstək verən  alim və mütəxəssisləri peşə bayramları münasibətilə təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: