Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
28.03.2024 17:02
  • A-
  • A
  • A+

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi coğrafiya elmləri doktoru, dosent Starə Tarixazərin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “MAXS Press” nəşriyyatında “Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” çap olunub.

Azərbaycan, ingilis və rus dillərində çap olunan kataloqun elmi redaktoru AMEA-nın müxbir üzvü Tələt Kəngərli, rəyçilər - Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutunun direktoru akademik Аxmetkal Medeu və Hidrogeologiya və Geoekologiya İnstitutunun direktoru akademik Malis Absametov, Coğrafiya İnstitutunun şöbə müdirləri coğrafiya elmləri doktorları, professor Rza Mahmudov və dosent Nəriman Paşayevdir.

Kitabın giriş hissəsində sürüşmə problemi, təhlükəsi, başvermə yerləri və mübarizə üsulları haqqında qısa məlumat verilib.

Kataloqda 2000-2023-cü illər üçün Azərbaycanda və rayonlar üzrə sürüşmələrin dövriyyəsinin qrafikləri, aylar üzrə təzahürləri, sürüşməyə meylli zonalarda yerləşən yaşayış məntəqələrinin sayı və sürüşmə təhlükəli ərazilərdə yaşayan əhalinin rayonlar üzrə sayı göstərilib. Akademik Budaq Budaqovun materiallarından istifadə etməklə, Azərbaycanda sürüşmə sahələrinin yayılma xəritəsi tərtib edilib. Sürüşmə hadisələrinin inkişafı Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan ərazisi də daxil olmaqla), Kür-Araz ovalığı və Lənkəran rayonlarına bölünüb.

Kataloq, həmçinin sürüşmə hadisələrinə aid müəllifin çoxsaylı fotoşəkilləri ilə zəngindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: