Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.04.2024 12:24
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda dəyirmi masa keçirilib

Tarix və Etnologiya İnstitutunda dəyirmi masa keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı 220” dəyirmi masa keçirilib.

İclası açan tarix üzrə fəlsəfə doktoru professor Hacı Həsənov bildirib ki, Car-Balakən camaatlığı həm idarəetmə, həm etnik rəngarənglik, həm də apardığı müharibələrdəki uğurlar baxımından Azərbaycan ərazisində mövcud olan digər feodal xanlıqlardan fərqlənirdi. XVI əsrin ortalarında formalaşan Car-Balakən camaatı XVII əsrin əvvəllərində tam olaraq müstəqil oldu. Məlumdur ki, Car-Balakən camaatlığı bütün Qafqazda özlərinin itaətsizlikləri ilə məşhur idilər. Car-Balakən üçün Rusiya XVIII əsrin sonunda real təhlükə olmağa başladı. Bu ərazi rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda ciddi maneə idi. Şərqi Gürcüstana, Dağıstana və Şəki xanlığına çıxış yolu olan Car-Balakən əlverişli strateji mövqeyə malik idi. Bütün Qafqazın işğalı Car-Balakəndən başlayırdı. Yalnız Car Balakəni işğal etdikdən sonra Rusiya şərqi Gürcüstanda möhkəmlənə bilər, azadlıqsevər dağlı tayfalarını diz çökdürə bilərdi.

Rus qoşunlarının Car-Balakən üzərinə hücumu 1803-cü il martın 2-də başladı. Martın 8-də Balakəni ələ keçirən rus qoşunları evləri yandırır, qarət və talınçılıqla məşğul olurdu.

Balakənin işğalı Car və digər icmaların mövqeyini zəiflətdi. 1803-cü il aprelin 12-də Tiflisdə Car-Balakən camaatlığının və İlisu sultanlığının Rusiyanın itaətinə keçməsi haqqında “Andlı öhdəlik” (müqavilə) imzalandı. Beləliklə, Rusiya imperiyası Car-Balakən camaatlığını işğal etdi və Azərbaycan xanlıqlarına gedən yolu açdı.

Daha sonra t.ü.f.d. dosent Ramil Niftyəliyev “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı”, t.ü.f.d. dosent Vidadi Umudlu 12 aprel 1803-cü il “Andlı öhdəliyi”, t.ü.f.d. dosent Ənvər Məmmədov “Car-Balakən camaatları işğal ərəfəsində”, t.ü.f.d. professor Hacı Həsənov “P.D. Sisianov rus işğalının bariz ifadəsi” adlı məruzələrlə çıxış ediblər.

Sonda məruzuzələr ətrafında söhbətlər aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: