Aprelin 15-də AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş konfransa 20-si Türkiyə, İraq, Suriya, Özbəkistan, Rusiyadan olmaqla, ümumilikdə 111 iştirakçı qatılıb.
AMEA-nın Əsas binasının Dairəvi zalında baş tutan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin dahi şairin 500 illik yubileyindəki çıxışından kadrlar nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq konfransın ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamı çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, sözügedən Sərəncam dahi şairin irsini müstəqil Azərbaycan dövlətinin idelları işığında Azərbaycançılıq ideologiyası və Türk dünyası kontekstində yenidən tədqiq etməyə imkan vermiş oldu.
Akademiyada Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı geniş tədqiqatlar aparıldığını qeyd edən akademik İsa Həbibbəyli hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən dahi şairə həsr olunmuş 1000 səhifəlik kollektiv monoqrafiyanın hazırlanmaqda olduğunu vurğulayıb. Həmçinin ədibin UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilmiş anadilli “Divan”ının yenidən çapa hazırlanacağını, ölkəmizdə və beynəlxalq müstəvidə təqdimatlarının keçiriləcəyini bildirib. Bundan əlavə, AMEA-nın Əlyazmalar, Şərqşünaslıq, Ədəbiyyat və digər institutlarında Füzulinin 530 illik yubileyinə həsr olunmuş konfransların keçirildiyini, nəşrlərin çapa hazırlandığını və bu prosesin il ərzində davam edəcəyini söyləyib. Eyni zamanda İraqda da Füzuliyə həsr olunmuş bir neçə tədbirin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
AMEA prezidenti bildirib ki, keçirilən tədbirlərin digər başlıca məqsədi isə Füzulini yenidən dünyaya Azərbaycan şairi kimi tanıtmaqdan ibarətdir və onun azərbaycanlı olmağı heç kimdə şübhə doğurmur: “Füzulinin mənşəyi azərbaycanlı, dili isə Azərbaycan türk dilidir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Füzuli türk xalqlarını birləşdirmiş şəxsiyyətdir. Füzuli Şərqin, ümumilikdə isə dünyanın böyük sənətkarlarından, şairlərindən biridir. Dili, üslubu və şeirlərindəki məcazları baxımından dünyada onunla müqayisə oluna biləcək az şair vardır”.
Akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü tədbirdə İraq, Özbəkistan, Rusiya və başqa ölkələrdən tanınmış alimlər iştirak edirlər və bu, Füzulinin irsini dünyaya çıxarıb tanıtmaq baxımından olduqca önəmlidir.
AMEA rəhbəri çıxışının sonunda vurğulayıb ki, Məhəmməd Füzuli mükəmməl yaradıcılığı ilə dahilik zirvəsinə yüksəlib, Azərbaycan və Türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirib və onun irsi dövlət başçısının Sərəncamı işığında yenidən tədqiq olunaraq gələcək nəsillərə çatdırılacaq.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan ədəbi-bədii fikir tarixində böyük rol oynayan, bir çox Şərq xalqları ədəbiyyatına mühüm təsir göstərən böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin ölməz bədii-fəlsəfi irsi xalqımızın bəşər sivilizasiyasına bəxş etdiyi əvəzolunmaz mədəni sərvətdir. Akademik Gövhər Baxşəliyeva Azərbaycan, ərəb və fars dillərində 16 irihəcmli əsərin müəllifi olan dahi şairin yaradıcılığının həm Qərb, həm də azərbaycanlı tədqiqatçılarının onun ecazkar yaradıcılığının orijinallığını, poetikasının yüksək bədiiliyini və incəliyini qeyd etdiklərini, onu Azərbaycan-türk ədəbiyyatı tarixində ən həssas lirik və romantik şair adlandırdıqlarını qeyd edib.
Akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunda da dahi şairin ölməz yaradıcılığının diqqət mərkəzində olduğunu, zaman-zaman onun müxtəlif aspektlərinə həsr olunmuş monoqrafiya, kitab və məqalələr dərc olunduğunu, dissertasiyaların müdafiə edildiyini vurğulayaraq, institut alimlərindən Aydın Abıyevin “Füzuli və Türkiyə poeziyası”, Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Şəfəq Əlibəylinin “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” adlı monoqrafiyalarının çap olunduğunu xatırladıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə çıxışında tədbir iştirakçılarını AYB-nin adından salamlayıb, Füzulinin Nizami və Nəvai ilə birlikdə Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olduğunu söyləyib. Füzulinin yaradıcılığına nəzər salan AYB sədri dahi şairin yazdığı mükəmməl əsərlərlə Azərbaycan və dünya ədəbiyyatına təsir etdiyini, onun hikmətinin əsrlərdir yaşadığını bildirib.
İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid çıxışında vurğulayıb ki, İslam və Azərbaycan ədəbi düşüncəsinin inkişafında müstəsna rola malik olan Məhəmməd Füzuli bütün İslam dünyasının bənzərsiz mənəvi xəzinələrindən hesab olunur.
M.M.Əbdülhəmid Azərbaycanla İraq arasında əlaqələrin inkişafına görə, akademik İsa Həbibbəyliyə, akademik Gövhər Baxşəliyevaya, Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidova, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlüyə və Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevə İraq Strateji Araşdırmalar Mərkəzinin və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxti fərmanlarını təqdim edib.
Ürgənc Dövlət Universitetinin Özbək ədəbiyyatı fakültəsinin dekanı filologiya elmləri doktoru, professor Dilşod Qayipov isə çıxışında Məhəmməd Füzulinin Şərq ədəbiyyatında tutduğu mövqedən danışıb.
Daha sonra konfransın məruzələrinə başlanılıb.
İraq Mədəniyyət Nazirliyi nəzdində Türkman Mədəniyyət Mərkəzinin sədri, “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklü “Füzuli əl-Bağdadi və tarixçilərin mübahisəsi” mövzusunda məruzə edib. Məruzədə Məhəmməd Füzulinin doğum tarixi, yeri, milli mənsubiyyəti, məzhəbi, əqidəsi barədə tarixçilərin mübahisəsindən bəhs edilib, onların müxtəlif fikirlərinə münasibət bildirilib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri filologiya elmləri doktoru, professor Nurboy Cabbarov “Əlişir Nəvai və Məhəmməd Füzuli” adlı məruzəsində Nəvai və Füzuli yaradıcılığının iki qardaş xalqın tarixində birgə qardaşlıq simvolu olduğunu qeyd edib.
Özbəkistan Respublikası Əndican Dövlət Universitetinin professoru filologiya elmləri doktoru Salimaxon Mirzayevanın “Füzuli yaradıcılığında şah beytlər” mövzusunda məruzəsi Füzulinin yaradıcılığının, onun qəzəllərinin təhlili və təfsirinə həsr olunub. Məhəmməd Füzulinin türk xalqlarının ortaq şairi olduğunu deyən məruzəçi şairin yaradıcılığının nəcib keyfiyyətləri ilə özbək poeziyasının inkişafına töhfələr verdiyini, şeirlərinin uzun əsrlər boyu özbək xalqı tərəfindən sevildiyini, oxunduğunu bildirib.
Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, filologiya elmləri doktoru Abuzər Bağırov “Məhəmməd Füzuli və Azərbaycan ədəbiyyatında qəzəl janrı” mövzusunda məruzəsində Azərbaycan dilində Füzulidən əvvəlki dövr lirik qəzəl yaradıcıları olan sələf şairlərinin yaradıcılığını qısaca təhlil edib, Məhəmməd Füzulinin öz poetik məktəbinin yaradılmasında rolunu və davamçılarını, xüsusən Azərbaycan ədəbiyyatında bir çox yüksək səviyyəli lirik qəzəl yaradıcılarına təsirini ətraflı araşdırıb, qəzəl janrının Yaxın Şərqdə, xüsusən də Azərbaycan poeziyasında geniş yayılmasının əsas səbəblərini ətraflı müəyyən edib, lirik qəzəl ustadının orijinal ədəbi texnikasını konkret olaraq göstərib.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Füzulinin ərəbcə poetik irsinin tədqiqi haqqında” mövzusunda məruzəsində dahi Azərbaycan şairi Füzulinin 3 dildə - Azərbaycan-türk, ərəb və fars dillərində müxtəlif janrlarda yazıb yaratdığını, Şərq ədəbiyyatının şifahi və yazılı nümunələrini bədii şəkildə ümumiləşdirdiyini qeyd edib. Məruzəçi bildirib ki, ərəbcə şeirləri ilə ərəb fəsihlərini sevindirdiyini fəxarətlə söyləyən Füzulinin ərəbcə poetik irsi uzun müddət elm aləminə naməlum qalmışdır və 1929-cu ildə akademik Y.Bertels tərəfindən Sankt-Peterburqda Asiya muzeyində aşkarlanmışdır. Lakin bu əlyazmada ərəbcə şeirlər natamam şəkildə əks olunmuşdur.
Konfrans daha sonra Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam edib. Konfransın işinə aprelin 16-da yekun vurulacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.