Aprelin 16-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” adlı beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Özbəkistanın 7 ali təhsil müəssisəsinin, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, eləcə də AMEA-nın Gəncə Bölməsinin, Ədəbiyyat, Folklor və Dilçilik institutlarının əməkdaşları iştirak ediblər.
Konfransı AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən ötən gün Akademiyada “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfransın keçirildiyini bildirib. O, Məhəmməd Füzulinin Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi qüdrətli sənətkar olduğunu, Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğunu vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin vaxtilə Füzuli irsinə yüksək qiymət verdiyini söyləyən alim qeyd edib ki, Ulu Öndər Türkiyə Böyük Millət Məclisindəki çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”.
Akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində Türk birliyi haqqında fikirləri gələcək strategiyamızı müəyyənləşdirdi, yeni dövr üzrə prioritetləri aydın formada ortaya qoydu. O, dövlət başçısının çıxışında səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bu, bizim üçün prioritetdir” sözlərinin bir çox cəhətdən ciddi mesajları özündə əks edirdiyini bildirib. Alim ölkə başçısının ortaya qoyduğu yeni hədəflərə müvafiq olaraq Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə 3 cilddə “Türk xalqları ədəbiyyatı tarixi”nin hazırlanacağını diqqətə çatdırıb.
“Lirik şeirin bənzərsiz nümunələrini yaradan Füzuli orta əsrlərdə Türk dünyasında yaşayıb-yaratmış ən böyük sənətkarlar sırasındadır”, - deyən akademik İsa Həbibbəyli şairin lirikasının təkrarsız olduğunu və Füzulinin lirik şeirin zirvəsini fəth etdiyini söyləyib.
Onun sözlərinə görə, Füzulinin “Leyli və Məcnun” poeması Nizami Gəncəvi və Əlişir Nəvaidən sonra meydana çıxan və dünya poeziyasında məhəbbət mövzusunda qələmə alınan ən yaxşı əsərlərdəndir. Bu poema epik şeirimizin ən gözəl nümunələrindən hesab olunur. AMEA rəhbəri Füzulinin ana dilində yaratdığı əsərin orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçildiyini, burada aşiqanə qəzəllərin də yer aldığını söyləyib. O, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun nəinki Azərbaycan, eləcə də müsəlman və Türk dünyasında ilk opera janrında olan əsərinin məhz Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında qələmə alınmasının heç də təsadüfi olmadığını bildirib.
AMEA prezidenti diqqətə çatdırıb ki, Füzuli yaradıcılığında dini motivlər qırmızı xətt kimi keçir, bu xəttin mərkəzində isə Əhli-beyt sevgisi durur. Füzulinin qəzəllərində əks olunan eşqin mahiyyəti dini motivlər, söz ustadının Allaha olan sevgisi-ilahi eşq və digər məsələlər ətrafında şərh olunub. Ədibin “Hədiqətüs-süəda” əsəri оnun dini düşüncə, iman və əqidə duyğularının bədii əksi kimi çох səciyyəvi bir əsərdir.
Akademik İsa Həbibbəyli “Məhəmməd Füzuli və Türk dünyası” mövuzusunda keçirilən tədbirin əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid “Məhəmməd Füzuli və İraq ədəbi mühiti” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Moskvada yaşayan həmvətənimiz professor Abuzər Bağırov, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, Urgənc Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin dekanı professor Dilshod Gayipov, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru İslom Yoqubov çıxış edərək Türk dünyasının ortaq şairi Füzuli yaradıcılığının müxtəlif məqamlarına toxunublar.
Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyev “Məhəmməd Füzulinin Türk ədəbiyyatına təsiri” və aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı “Məhəmməd Füzuli və klassik Cağatay ədəbiyyatı” mövzusunda məruzələrində bir sıra maraqlı faktları diqqətə çatdırıblar. Məruzələrdə böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin dünya lirik poeziyasının parlaq simalarından olması, onun ölməz qəzəllərinin bu gün də aşiqlərin qəlbini fəth etməsi, məhəbbət, xeyirxanlıq, humanizm hissləri aşılaması qeyd olunub.
Sonra İraq Mədəniyyət Nazirliyi nəzdində Türkman Mədəniyyət Mərkəzinin sədri, “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklü “Füzuli Bağdadi və tarixçilərin mübahisəsi” məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, İraq Əlyazmalar Mərkəzi tərəfindən “Nəvainin “Müəmma” traktatına Füzulinin şərhi” adlı əlyazma nüsxəsi aşkarlanıb. Əlişir Nəvainin əsərinə Füzuli tərəfindən yazılan bu şərh 1554-cü ildə nüsx xətti ilə qələmə alınıb.
Tədbirdən sonra konfrans iştirakçıları Məhəmməd Füzulinin heykəlini ziyarət edib, xatirə şəkli çəkdiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.