Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.04.2024 09:32
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Naxçıvan Bölməsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elm işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev əvvəlcə 1983-cü ildə UNESCO tərəfindən təsis edilmiş bu əlamətdar günün əhəmiyyətindən danışıb.

Muxtar respublika ərazisinin tarixi abidələrlə zəngin olduğunu söyləyən professor bugünədək 1200-dən artıq abidənin pasportlaşdırıldığını qeyd edib.

Vəli Baxşəliyev diqqətə çatdırıb ki, Cənubi Qafqazla Yaxın Şərqin kəsişməsində yerləşən Naxçıvan olduqca zəngin mədəniyyətə sahibdir. Kiçik əraziyə malik Naxçıvanda bu qədər çoxsaylı mədəniyyətin mövcudluğu dünya alimlərini də təəccübləndirir. Elmi ədəbiyyatlarda qədim mədəniyyətlərin Mesopotamiyadan yayılması fikri mövcud olsa da, elmi araşdırmalar sübut edir ki, Cənubi Qafqaz qədim mədəniyyətlərin mərkəzi olmuş, yaxın Şərq mədəniyyətinə çoxsaylı töhfələr vermişdir.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Abidələrimiz tarixi-mədəni irsimizin başlıca atributları kimi” mövzusunda məruzə edib.

Tədqiqatçı tarixi abidələrin maddi və mənəvi əhəmiyyətindən, Qarabağda, Qərbi Azərbaycanda erməni vandalizminə məruz qalmış tarix-memarlıq nümunələrindən, Naxçıvanda Sədərək döyüşləri zamanı düşmən gülləsinə tuş gəlmiş epiqrafik abidələrdən danışıb.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün mahiyyətindən danışan alim tarixi abidələrin qorunması problemini 5 mərhələ üzrə sistemləşdirib. O, abidələrin hüquqi təminatı, onlara göstərilən dövlət qayğısı, vətəndaş münasibəti, abidələrin tanıdılması və beynəlxalq arenada təbliği prinsipləri üzrə fikirlərini əsaslandırıb.

Hələ ölkəyə rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 15 sentyabr 1981-ci il tarixli qərarı xatırladan tədqiqatçı Ulu Öndərin abidələrimizin mühafizəsi və tədqiqi ilə bağlı həyata keçirdiyi mühüm işlərdən danışıb. Bu fəaliyyətin müstəqilliyimizin bərpasından sonra da davam etdiyini dilə gətirib, görülən işləri nəzərə çatdırıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur”, - deyən alim abidələrimizin elmi tədqiqi ilə yanaşı mənəvi-tarixi dəyərinin təbliğinin vacibliyini qeyd edib.

Məruzədən sonra tarixi abidələrin bərpası məsələsi ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Tarixi abidələrin restavrasiyası zamanı elmi bərpanın əhəmiyyəti, mütəxəssislərin bərpa prosesinə cəlb olunmasının vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: