AMEA-nın Naxçıvan Bölməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda tədbirdə Bölmənin sədri akademik İsmayıl Hacıyev giriş sözü söyləyib.
Akademik Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarından başlanan fəaliyyətini ümumi olaraq şərh edib, məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində bu sahədə xidmət edən kadrların milliləşdirildiyini nəzərə çatdırıb.
Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki mərhələsində əldə olunan nailiyyətlərdən söz açan bölmə sədri bəzi statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik bildirib ki, Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövründə Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilmiş, hakimiyyətinin ikinci dövründə isə ölkəmiz parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas olmuşdur. Xalqın yaddaşına əsl xilaskar kimi həkk olmuş Heydər Əliyev Ümummilli lider statusunu gərgin və uzaqgörən siyasi fəaliyyəti, Azərbaycanın sabahı üçün gördüyü mühüm işlərlə qazanmışdır.
Natiq çıxışında Ulu Öndərin göstərişi və təşəbbüsü ilə reallaşan uzaqgörən layihələrdən danışıb. Bu siyasətin onun uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən qürurla davam etdirildiyini bildirib.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda məruzə edib.
Ölkəmizin hazırkı inkişaf mərhələsinə asan yolla çatmadığını qeyd edən alim bildirib ki, müstəqilliyimizin bərpasından sonra ölkədə hökm sürən ictimai-siyasi gərginlik 1993-cü ilə qədər davam etmiş, həmin ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bu xaotik proseslərin qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Ölkədə sabitliyin qorunmasının, mövcud hərtərəfli tərəqqinin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyasının, daxili və xarici siyasət xəttinin dayandığını söyləyən alim Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycanın tərəqqisinin təmin olunması istiqamətində həyata keçirdiyi işlərdən bəhs edib.
Vəli Baxşəliyev qeyd edib ki, 1994-cü ildə cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atılmışdır. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə sabitlik bərqərar olmuş, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan açılmışdır.
“Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir”, - deyən professor azərbaycançılıq ideologiyasını dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurə kimi dəyərləndirib.
Professor məruzəsinin sonunda vurğulayıb ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Bütün bunların nəticəsidir ki, Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda əmin addımlarla irəliləyir, möhtəşəm nailiyyətlər əldə edərək yeni zirvələr fəth edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.