Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Beynəlxalq Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan baş direktor vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmrani bu günün qeyd olunmasının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verərək bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci il martın 1-indən etibarən bu təşkilata üzv olan 50-dən artıq ölkədə Ümumdünya Mülki Müdafiə Günü qeyd edilir, Beynəlxalq Mülki Müdafiə Təşkilatının məqsədi dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni yaymaq, mülki müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Azərbaycan 1993-cü ildən bu mötəbər qurumla sıx əməkdaşlıq edir, onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Tədbirlər planına uyğun olaraq hər il Coğrafiya İnstitutunda Beynəlxalq Mülki Müdafiə Gününün qeyd edildiyini vurğulayan Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev əhalinin mühafizəsinin, fövqəladə hallardan mühafizə sahəsində hazırlığının təmin edilməsinin mülki müdafiə orqanlarının qarşısında bir nömrəli vəzifə kimi dayandığını diqqətə çatdırıb. N.Mustafayev institutun ETN-nin tərkibinə keçməsi ilə əlaqədar müəssisənin MM qüvvələrinin 2025-ci ildə yeni strukturu və onların fəaliyyəti haqqında qısaca məlumat verib. O, həmçinin coğrafiyaçı alimlərin texnogen hadisələrlə bağlı kütləvi informasiya vasitələrində mütəmadi olaraq əhalini məlumatlandırdıqlarını müsbət hal kimi dəyərləndirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Şöbə müdiri c.ü.f.d. Solmaz Rzayeva, c.e.d., baş elmi işçi Stara Tarixazər, kompüter operatoru Aidə Aslanova mövzu ətrafında çıxış edərək fikirlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.