Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2025 17:05
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı qismən zəifləmişdir. Maksimal sinifli alışma 4000 oblastındakı M3.3 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya, 10 sm dalğa uzunluğunda radioalışmalar və bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 10 ləkə qrupunda 139 ləkə müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində 1463 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli 24-26 fevral tarixlərində S1 səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 829 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 494 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 7 nT, radial istiqamətdə isə 3.80 nT təşkil edir.

Hesabat dövründə 27-28 fevral tarixlərində 25 fevralda baş vermiş TKA-nın Yerə çatması və əlavə olaraq Tac dəliyinin geoeffektiv olması nəticəsində geomaqnit sahəsinin intensivliyi G2 səviyyəsinədək yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir. 

Kosmik hava proqnozu – Proqnoz günlərində (3-9 mart) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələ bilər. Həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinin altında olacağı proqnozlaşdırılır.  

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 1 martda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir. 

Avroraların müşahidə olunması ehtimalı yuxarı coğrafi enliklərdə 25%, orta coğrafi enliklərdə isə 1%-dir.

Geomaqnit sahəsi –Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə 3 martda qeyri-sabit olacaq, 4-5 mart tarixlərində isə 1 martda baş vermiş TKA-nın təsiri ilə G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: