Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2025 17:15
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov: Enerjinin səmərəliliyinin artırılması strateji hədəflərdən biri olmalıdır

Akademik Arif Həşimov: Enerjinin səmərəliliyinin artırılması strateji hədəflərdən biri olmalıdır

Enerji səmərəliliyi və qənaət texnologiyaları böyük əhəmiyyət kəsb edir. Dünya əhalisinin sürətli artımı fonunda enerji istehlakı kəskin yüksəlib və bu tendensiya enerji resurslarından daha səmərəli istifadənin zəruriliyini gündəmə gətirib. Bərpaolunan enerji mənbələrinin inkişafı ilə yanaşı, enerjinin səmərəliliyinin artırılması strateji hədəflərdən biri olmalıdır. Yeni texnologiyaların istehsalda, ötürmə və istehlak sahələrində tətbiqi zamanı enerjiyə qənaət prinsipləri nəzərə alınmalıdır. Alternativ enerji mənbələri, o cümlədən nüvə enerjisi də bu istiqamətdə mühüm rol oynayır.

Bu fikirləri AMEA-nın akademik-katibi akademik Arif Həşimov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda keçirilən bugünkü ictimai müzakirədə çıxışı zamanı səsləndirib.

O, inkişaf etmiş ölkələrin, xüsusilə ABŞ-ın “Şəbəkə 2030” proqramı çərçivəsində nanotexnologiyalar və ifratkeçirici materiallardan istifadə edərək enerjinin optimal idarə olunmasına yönələn layihələr həyata keçirdiyini diqqətə çatdırıb. “Azərbaycanda da enerji sektorunda genişmiqyaslı layihələrin icrası davam edir. “AzərEnerji” və “Azərişıq” tərəfindən yeni texnologiyaların tətbiqi ölkədə enerjinin səmərəli istifadəsinə töhfə verməkdədir. Bu sahədə aparılan işlər Azərbaycanın enerji təhlükəsizliyinin və davamlı inkişafının təmin olunmasına xidmət edir”, - deyə A.Həşimov fikrini tamamlayıb.

AzərTac

  • Paylaş: