Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2024 10:40
  • A-
  • A
  • A+

Görkəmli coğrafiyaçı alimlərin əziz xatirəsi yad edilib

Görkəmli coğrafiyaçı alimlərin əziz xatirəsi yad edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının keçirilən növbəti iclası görkəmli coğrafiyaçılar - Hadı Əliyevin 125, Əbdurrəhim Hacızadənin 105 illik  yubileylərinə həsr edilib.

Tədbirdə institut əməkdaşları ilə birgə Bakı Dövlət Universitetinin coğrafiyaçı alimləri iştirak edib.

İnstitutun baş direktoru professor Zakir Eminov Azərbaycan elminin inkişafına töhfələr vermiş coğrafiyaçı alimlərin yubileylərinin qeyd edilməsinin, onların şəxsiyyəti, həyat və fəaliyyəti barədə məlumatların işıqlandırılmasının, qoyub getdikləri dəyərli irsin günümüzə və gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri professor Aydın İbrahimov professor Hadı Əliyev haqqında məruzə edib. Bildirilib ki, bir sıra “ilk”lərə imza atan H.Əliyev Azərbaycanda coğrafiya elmini və coğrafiya təhsilini qoyanlardan biri Coğrafiya İnstitutunun ilk direktoru, SSRİ EA-nın Azərbaycan filialında ilk iqtisadi coğrafiya şöbəsinin təşkilatçısı və rəhbəri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri olmuşdur. Onun təşəbbüsü ilə 1944-ci ildə universitetdə yeni yaradılmış geologiya-coğrafiya fakültəsinin nəzdində iqtisadi coğrafiya kafedrası açılmış və o, 1980-ci ilədək həmin kafedraya rəhbərlik etmişdir. H.Əliyev 1960-cı ildən Universitetdə yeni yaradılmış Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrasına rəhbərlik edib. Ali məktəb tələbələri üçün “Azərbaycan SSR-in iqtisadi coğrafiyası” dərsliyini yazan alim yüzlərlə elmi məqalənin müəllifidir. Onun “Çin Xalq Respublikası”, “Misir Ərəb Respublikası” və “Afrika bu gün” kitabları indi də öz əhəmiyyətini saxlamaqdadır.

Sonra BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov özünün elmi rəhbəri olmuş,  coğrafiyaçı alim professor Əbdürrəhim Hacızadə haqqında məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, 30 ilə yaxın müddətdə universitetin geologiya-coğrafiya fakültəsi nəzdində özünün təşəbbüsü ilə yaradılan İqtisadi coğrafiya kafedrasına rəhbərlik edən Ə.Hacızadənin elmi yaradıcılığının başlıca mahiyyətini iqtisadi-coğrafi ərazi komplekslərinin araşdırılması təşkil edib. İlk dəfə olaraq o öz tədqiqatlarında sadə təsvirlərdən dərin təhlilə keçərək təbii ehtiyatların bal göstəriciləri ilə iqtisadi coğrafi qiymətləndirilməsini aparıb, sənayenin ümumi və hər birinin ayrılıqda istehsal-ərazi kompleksləri şəklində formalaşmasının təbii-iqtisadi əsaslarını tədqiq edib. O, Azərbaycan sənaye kompleksində tam istehsal silsilələrinin yaradılmasının metodlarını, əhəmiyyətini və əlaqələrini ətraflı şəkildə təhlil edib və orijinal xəritə-sxemlərini verib. Onun elmi əsərlərindəki əməli təkliflər Azərbaycan təsərrüfat sahələrinin daha səmərəli yerləşdirilməsində, düzgün iqtisadi-coğrafi rayonlaşdırma aparılmasında xüsusi əhəmiyyət kəsb edib. Ə.Hacızadə eyni zamanda Azərbaycanın dövlət-plan və idarə orqanları tərəfindən sifarişlər verilən böyük iqtisadi əhəmiyyəti olan irimiqyaslı elmi konstruktiv xarakterli tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edib.

200-dək elmi məqalə yazmış alim “Azərbaycanın sənaye kompleksi”, “SSRİ-nin iqtisadi coğrafiyası”, “Azərbaycan SSR sənayesinin inkişafının təbii ehtiyatları”, “Azərbaycan SSR-in əhalisi və onun məskunlaşması”, “Bakı - iqtisadi-coğrafi səciyyəsi” və s. mühüm əsərlərin müəllifi, “Əhali coğrafiyası”, “Zaqafqaziya respublikalarının coğrafiyası”, “Qafqaz”, “Coğrafiya tarixi” və digər kitabların həmmüəllifi olub.

Şöbə müdirləri coğrafiya elmləri doktorları, dosent Nəriman Paşayev və professor Rza Mahmudov görkəmli alimlər haqqında xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: