Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2024 17:04
  • A-
  • A
  • A+

MEK-də “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

MEK-də “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, qonaqları akademiyanın kitabxanasında görməkdən məmnun olduğunu ifadə edib. Artıq üçüncü dəfədir ki, MEK-in iştirakı ilə kitabxana işinin aktual məsələlərinə həsr olunmuş konfransın keçirildiyini vurğulayan akademik burada AR Milli Məclisi tərəfindən bəyan olunmuş, cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş kitabxanalar haqqında qanunların, elektron sənədlərin icrasında müasir dövrün çağırışlarına uyğun olaraq aparılan işlərin geniş şəkildə müzakirə olunduğunu, bu istiqamətdə ölkənin təcrübəsinin örənildiyini və lazımlı addımların atıldığını nəzərə çatdırıb.

Akademik İsa Həbibbəyli builki konfransı xüsusi əlamətdar hesab edərək qeyd edib ki, Prezident cənab İlham Əliyevin dəmir iradəsi, böyük istedadı və qəhrəmanlığı nəticəsində nəinki 44 günlük Vətən müharibəsində tarixi bir zəfər çalındı, bundan sonrakı atılan böyük hərbi-siyasi addımlarla ölkəmizin tam ərazi bütövlüyü və tam suverenliyi təsdiq olundu: “Bu, çoxəsrlik Azərbaycan tarixinin nadir hadisəsidir və builki konfrans məhz indiki şəraitdə, Azərbaycanın tam suveren olaraq sülh müqaviləsinə doğru qətiyyətlə addımladığı bir dövrdə keçirilir. Kitabxanaçılarımız da kitabxananın ideoloji işinin əsas mərkəzi olduğunu nəzərə alaraq öz işini müstəqil Azərbaycan dövlətinin və xalqımızın milli mənafeyinə uyğun olaraq qurmalıdırlar. Kitabxana əsl azərbaycançılıq mərkəzi olmalıdır. AMEA-nın Mərkəzi Elmi Kitabxanası azərbaycançılıq, müstəqillik, dövlətçilik, tam suverenlik kimi məsələləri AMEA-nın potensialından istifadə edərək elmi əsaslarla cəmiyyətimizə çatdırmaq vəzifəsini yerinə yetirməlidir. Biz - alimlər, ziyalılar olaraq Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandanın siyasətinin ideoloji əsaslarını elmi şəkildə işləyərək xalqa, cəmiyyətə həm kitabxanada, həm KİV-də çatdırılması vəzifəsini həyata keçirməyə borcluyuq.

Azərbaycanı XX əsrin böhranından çıxardan Ümummili Lider, böyük siyasətçi Heydər Əliyev yeni inkişafın böyük təməllərini qoydu. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan dünyanın ən mühüm ölkələri sırasında olmağı bacardı. Ona görə də müasir kitabxana zamanla ayaqlaşmalı, inkişaf etmiş Azərbaycanı dünyaya göstərməlidir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA-da elektron hərəkatın elan edildiyini və mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıran Akademiya prezidenti MEK-də həyata keçirilən elektronlaşma işlərindən danışıb, bu istiqamətdə yaranan problemləri önə çəkərək, həll yollarına, perspektivlərə toxunub və kitabxananın direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynova müvafiq tapşırıqlarını verib.

M.F.Axundov adına Milli Kitabxananın direktoru professor Kərim Tahirov AMEA ilə Milli Kitabxana arasında uzun illərdən bəri mühüm əməkdaşlıq yolu gəldiklərini, bu yolu MEK ilə də birləşdirməyə hazır olduqlarını bildirib. Professor Akademiyanın kitabxanası ilə bundan sonra uğurlu tərəfdaşlıq əlaqələri quraraq, birgə irəliləyib hədəflərə nail olunacağından əminliyini ifadə edib. Çıxışında professor K.Tahirov Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb və rəhbəri olduğu kitabxana adından “Heydər Əliyev İli” çərçivəsində Milli Kitabxananın nəşri olan “Heydər Əliyev və Milli Kitabxana” və fundamental biblioqrafik göstəricini MEK-in direktoru dosent Hüseyn Hüseynova təqdim edib.

Plenar iclasda, həmçinin BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov, APİİ Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya, ADA Kitabxanasının direktoru Elçin Məmmədov, Fövqaladə Hallar Nazirliyi Akademiyasının Ümumi kitabxanasının rəisi Şəlalə Həziyeva çıxış edərək konfransın aktuallığından danışıb və iştirakçılara uğurlar arzulayıblar.

Ardınca konfrans işini “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Dəyişən sosial mühitdə kitabxanaların rolu” bölmələri üzrə iclaslarla davam etdirib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: