(fəlsəfi yanaşma)
IV MƏQALƏ
Elmi mərkəzlərlə əlaqələrin genişlənməsi
Dünyanın müxtəlif elmi mərkəzləri ilə əlaqələrin genişlənməsi ilə ölkənin elmi jurnallarının beynəlxalq indeksləşməsi bir-biri ilə sıx bağlı olan istiqamətlərdir. Onları bir məqsədə yönəldən Azərbaycan elminin dünya miqyasında tanıdılmasıdır. Həm də yeni, daha əsaslı və inandırıcı üsulla.
Məsələ ondan ibarətdir ki, sovetlər zamanı formalaşmış bir ənənə var: alimlər fərdi olaraq özlərini xaricdə tanıdırdılar. Məsələn, bizim çox məşhur və dəyərli alimimiz Xudu Məmmədov Almaniyada elmi konfransların birində elə məruzə etmişdi ki, zalda ayaq üstə dinləyənlər belə vardı. Lakin öncə, X.Məmmədovu onlar üçün “uzaq” olan Azərbaycandan gəlmiş “hansısa bir alim” kimi təsəvvür etmişdilər və onun məruzəsini konfransın sonuna 5 dəqiqə qalmışa salmışdılar. Ancaq Azərbaycan alimi etiraz edərək məruzəni ertəsi gün edəcəyini bildirmişdi. Almanlar onu təşkil etmişdilər və Xudu Məmmədov geniş məruzə ilə onların beyinlərini və qəlblərini fəth etmişdir. Başqa nümunələr də çoxdur. Ancaq məsələ ondan ibarətdir ki, indi AMEA özünün alimləri üçün sistemli və öncədən təşkilatı təmsil edən yaradıcı insan olaraq dünya miqyasına çıxarır. Belə ki, öncədən imzalanan əməkdaşlıq sənədinə görə, beynəlxalq aləmə çıxış edən Azərbaycan aliminin arxasında AMEA dayanır – alim həm özünü, həm də təşkilatını təmsil edir! Bu, daha real və nüfuzlu yanaşmadır.
Həmin aspektdə elmi jurnalların beynəlxalq indeksə malik olması öncədən Azərbaycan alimlərini dünyaya tanıdır və onlar beynəlxalq tədbirə tanınmış alimlər kimi gedirlər. Burada, təbii ki, “Azərbaycandan gəlmişdir, çıxış etsin” məntiqi deyil, “Azərbaycandan tanınmış alim, AMEA-nın əməkdaşını maraqlı məruzə üçün dəvət etmişik” məntiqi işləyir. Bu təqdimatlar arasındakı fərqi, yəqin ki, hər kəs aydın görür.
Deməli, Azərbaycan jurnallarının beynəlxalq indeksləşməsi sadəcə iki qardaş dövlət olan Azərbaycan və Türkiyənin elmi əməkdaşlıq formatı deyildir və o, geniş anlamda Azərbaycan alimlərinin dünya miqyasında yaradıcı əlaqələrinin artırılması, onların tanıdılması vasitəsilə elmimizin dünya elminə inteqrasiyasının “canlı” üsullarından biridir. AMEA bu istiqamətdə ciddi surətdə yeniləşir!
Yubiley tədbirləri
Bu məsələni bir neçə dəfə vurğulamışıq. Azərbaycan alimlərinin yubiley tədbirləri, şübhəsiz ki, həm ayrılıqda alimlərin yaradıcılığının təşviqi, həm də bir camiyə olaraq Azərbaycan elm dairəsinin simalaşmasıdır. Buna “AMEA simalarda” desək, məsələnin proses olaraq əhəmiyyəti daha aydın görünər. Çünki əgər yubiley tədbirləri yaradıcılıqları ilə AMEA-nı təcəssüm edən alimlərimizin elm insanı kimi psixoloji, mənəvi, mədəni, kreativ özəlliklərini daha dərindən və geniş xarakterizə edə biləcəksə, bütövlükdə təşkilatın elmi fəaliyyətinin incəlikləri daha aydın olacaqdır. Buna görə də məhz Azərbaycan alimlərinin yaradıcılıq yubileyləri, onlar haqqında “AMEA simalarda” kod adlı əsərlərin nəşri əhəmiyyətli məqamdır. Bu kontekstdə dünyanın tanınmış alimlərinin AMEA-ya dəvət edilməsi ayrıca vacib prosesdir. Vurğuladığımız hallar sistem halında Azərbaycan elminin təşviqi üçün geniş imkanlar açır.
Əvvəlki məqalələrdə də qeyd etdiyimiz məqamları nəzər alsaq, şübhə yeri qalmır ki, AMEA rəhbərliyi yeniləşmə kursunu çox istiqamətdə vahid məntiqi müstəvidə və məqsədyönlü şəkildə həyata keçirir. Bu zaman ölkənin strateji inkişaf kursu çərçivəsində fəaliyyət göstərilir. AMEA-nın 80 illik yubileyinə hazırlıq həmin mənada istisna deyildir – təşkilat müəyyən dərəcədə yeniləşmənin bir mərhələsinin hesabatını verməyə hazırlaşır. Bu hesabat atılan addımların konkret məzmunu prizmasında ölkənin baş elmi təşkilatının tarixi ənənə üzərində müasirləşməsinin müəyyən mənzərəsi olacaqdır. Elə bir mənzərə ki, orada AMEA-nın dövlətçilik və müasirliyin sintezində milli ideya kontekstində Prezident İlham Əliyevin, bütövlükdə, Azərbaycanı yeniləşdirməsinin konkret əlamətləri görünsün. Elə bir mənzərə ki, Azərbaycan Prezidentinin dövlət, ölkə və cəmiyyətin strateji inkişaf kursunun AMEA-nın öhdəsinə düşən aspektlərini həyata keçirməkdə qətiyyətli olduğunu hər kəs görsün.
AMEA-nın bu yeniləşmə əzmi çox vacib başqa bir məsələni daha da aktuallasdırır.
Maliyyə təminatı
Uzun müddətdir ki, AMEA-nın maliyyələşməsi ölkənin ziyalı dairələrində geniş müzakirə olunur. Alimlər hesab edirlər ki, onların əməklərinin maliyyələşməsi sistemi ciddi keyfiyyət dəyişikliyinə uğramalıdır. Ayrıca, AMEA əməkdaşlıq və bütövlükdə kollektiv bir təşkilat olaraq, ölkənin baş elmi müəssisəsinə maliyyə ayırımı kəskin olaraq artmalıdır. Müqayisə üçün deyək ki, inkişaf etmiş ölkələrdə elmə 3-4 faiz ayrılır. Azərbaycanda bu rəqəm KİV-dəki informasiyalara görə, çox azdır.
Əlbəttə, burada həqiqət vardır. Eyni zamanda, bəziləri “alimlər nə yaradıblar ki, yüksək maliyyə təminatı olsun” kimi mücərrəd süni arqumentlərlə çıxış edirlər. “Qutadqu bilik” və “Nizamülmülk”dən bu yana belə bir ənənə vardır: dövlət alimi tam təmin etməlidir və hətta, ona müəyyən mülk verməlidir. Səbəbini belə izah edirlər ki, əgər dövlət alimini təmin etməsə, onda bunu başqaları edəcək və elm yadlara xidmət edəcək. Deməli, “Qutadqu bilik” və “Nizamülmülk” də əsrlərlə öncə elmin dövlətə və xalqa xidmətini ön plana çəkmişdir.
İndi AMEA tarixi yeniləşmə həyata keçirir. Dəfələrlə vurğulamışıq ki, bu xəttin əsas strateji məqsədi Azərbaycanın inkişafına xidmətdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyev mükəmməl inkişaf kursu müəyyən etmişdir və bunun fonunda alimlər öz dövlətinə, cəmiyyətinə fayda verən araşdırmalara üstünlük verməkdə qərarlıdırlar. Və AMEA rəhbərliyinin bu seçimi, məncə, çox doğru və tarixi mahiyyətlidir. Çünki AMEA müasir mərhələdə ilk dəfədir ki, bir sistem, təşkilat və baş elmi müəssisə olaraq yeniləşmədə konkret istiqamət müəyyən edərək (Azərbaycan Prezidentinin bütövlükdə ölkəni inkişaf etdirmək kursu fonunda) ardıcılıqla yeniləşir.
Şübhə yoxdur ki, bu cür sistemli və davamlı prosesə ciddi maliyyə dəstəyi lazımdır. AMEA-nın dövlətçilik və milli ideya kontekstində tam yeniləşməsi üçün ona uyğun maliyyələşmə mexanizmi həyata keçirilməlidir. Buraya dövlət büdcəsi ilə yanaşı, ayrı-ayrı nazirliklər və təşkilatların da sifarişləri və qrant müsabiqələri də daxil olmalıdır. Müqayisə üçün deyək ki, Rusiya alimlərinin məqalələrini oxuyanda əksəriyyətində “filan qrant əsasında yazılmışdır” informasiyasına rast gəlinir. Əlbəttə, Azərbaycanda da qrantlar verilir¸ lakin bu işin dinamik sistemli təşkilinə və irihəcmli qrantların sayının çoxaldılmasına açıqca ehtiyac vardır.
Maliyyələşmənin yeniləşməsi müasir tədqiqat üsulları prizmasında çox vacib görünür. Məsələnin mahiyyəti indi dünyada kollektiv, komanda halında araşdırmaların aparıcılıq təşkil etməsi ilə bağlıdır. Müxtəlif elm sahələrinin tədqiqatçıları birgə işləməyi və faydalı olmağı öyrənməlidirlər. Bunun üçün xüsusi maliyyələşən araşdırmaların aparılması zərurətdir.
Yeniləşməyə davam!
Yuxarıda vurğulanan fikirlərin işığında AMEA-da yeniləşmə prosesinin inamlılığı aydın görünür. Təşkilat rəhbərliyinin həyata keçirdiyi kompleks proqram-layihələr vahid bir məqsədə istiqamətlənmişdir və sistemli olaraq reallaşır. Azərbaycan alimləri öz potensiallarını dövlət və cəmiyyət üçün sərf etməkdən qətiyyən çəkinmirlər. Bu yolda hər cür fədakarlığa hazırdırlar. Azərbaycanın müstəqilliyi, güclü dövlət quruculuğu və güclü cəmiyyətin formalaşması prosesində AMEA bütün imkanları ilə iştirak edir. Belə görünür ki, təşkilatın 80 illik yubileyi bu baxımdan ayrıca əhəmiyyət daşıyan hadisə olacaqdır. Bu, AMEA-nın yeniləşməsi mərhələsinə düşən ilk yubileydir. Onun yüksək səviyyədə və elmi baxımdan faydalı olması üçün kompleks tədbirlər nəzərdə tutulmuşdur.
Yubiley müəyyən mənada həm də AMEA-nın yeniləşmənin hansı mərhələsində olduğuna aydınlıq gətirəcəkdir. Şübhə etmirik ki, həmin kontekstdə 80 illik yubiley təşkilatın elmi tarixində bir dönüş nöqtəsi olacaqdır və ictimai etirafa yol açacaqdır. Mən burada “ictimai etiraf” ifadəsini konkret mənada işlədirəm. Yəni Azərbaycan cəmiyyətinin hətta AMEA-nın fəaliyyətinə müəyyən şübhə ilə yanaşan kəsimləri ölkənin baş elmi təşkilatının düzgün və uğurlu yeniləşmə kursu seçdiyini etiraf edəcəklər. Bu da bütövlükdə cəmiyyətdə son illər müəyyən dairələr tərəfindən aparılan “antiakademiya” kampaniyasının iflası olacaqdır.
AMEA-nın elm tarixində 80 illik yubileyin dönüş nöqtəsi olmasının dərin mənası vardır. Burada bir neçə faktorun qarşılıqlı əlaqəsi özünü göstərir.
Birincisi, AMEA bundan sonra ölkə Prezidentinin həyata keçirdiyi inkişaf kursunun fəal iştirakçıalarından biri kimi dövlət quruculuğunda strateji qurum kimi funksiyasını yeni mərhələyə yüksəldəcəkdir.
İkincisi, AMEA-da tədqiqatların təşkili üsulu müasir proqressiv araşdırma üsulları ilə zənginləşəcəkdir.
Üçüncüsü, AMEA institutlararası əlaqələri daha sistemli, geniş və dərin səviyyəyə çatdırmaqla bir böyük araşdırma kollektivi kimi yeni struktur-funksional keyfiyyətə yiyələnəcəkdir.
Dördüncüsü, AMEA beynəlxalq əlaqələrini düşünlümş qaydada genişləndirərək həm Azəbaycanda elmi təcrübəni zənginləşdirəcək, həm də müstəqil dövlət quruculuğu üçün prinsipial strateji əhəmiyyət daşıyan türk dövlətləri ilə elmi əməkdaşlığı yeni dinamik formata transfer edəcəkdir.
Əlbəttə, biz AMEA-nın 80 illik yubileyinin konkret nəticələrini 2025-ci ildə yenidən fəlsəfi təhlil etməyi və proqnostik fikirlər irəli sürməyi vəzifəmiz hesab edirik. Ancaq indidən təşkilat rəhbərliyinin yeniləşmə kursunun bir sıra fəlsəfi aspektinin təhlili göstərir ki, nikbin nəticələr alınacaqdır! AMEA bunun üçün səfərbər olunmuşdur və bu proses davamlı olacaqdır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru