Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin tələbələri ilə növbəti seminar məşğələsi keçirilib.
Tədbirdə muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin elmi işçisi Zarema İbrahimovanın “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” adlı məruzəsi dinlənilib.
Məruzəçi çıxışında görkəmli dramaturq Cəfər Cabbarlının ömür yolundan söz açaraq, 1918-ci il Bakıda Mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı və digər milli istiqlal mövzularının bu vətənpərvər ədibin yaradıcılığında xüsusi yer tutduğunu, onun18 yaşında yazdığı “Trablis müharibəsi və yaxud Ulduz”, “Ədirnə fəthi” pyeslərində türkçülük ideyalarının, türk xalqının qəhrəmanlıq və sücaəti motivlərinin üstünlük təşkil etdiyini vurğulayıb.
Zarema İbrahimova qeyd edib ki, cumhuriyyət dövrundə Azərbaycan Parlamentinin stenoqrafisti olan Cəfər Cabbarlı milli istiqlal hərəkatının fəal üzvlərindən biri kimi Sovet rejiminə qarşı qeyri-leqal mubarizə aparan “Gənc musavatçılar” təşkilatında təbliğat işlərinə rəhbərlik etmiş, “Gizli İstiqlal” qəzetinin təsisçilərindən biri olmuşdu.
O, Cəfər Cabbarlının 1934-cü ildə Moskvada Sovet yazıçılarının 1-ci Qurultayında “Sifarişlə ədəbiyyat olmur” mövzusunda çıxış edərək Sovet ideologiyasının tələblərinə qarşı üsyan etdiyini, “Azərbaycan kinosu hara gedir?” adlı məqaləsində Azərbaycan filmlərində baş rollarda rus və erməni aktyorların oynamasına qarşı çıxdığını bildirib. Məruzəçi yazıçının Sovet dövründə çox təqiblərə məruz qaldığını, iki dəfə həbs olunduğunu, 35 yaşında ürək çatışmazlığından vəfat etdiyini deyib.
Zarema İbrahimova nümayiş etdirdiyi videoçarx vasitəsilə iştirakçılara Qafqaz İslam ordusunun türk generalı Nuru Paşanın Bakıya gələrkən Cəfər Cabbarlıya bağışladığı və yazıçının ev muzeyində qorunub saxlanılan hədiyyələr barəsində də məlumat verib.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.