Aprel ayının 4-6-sı tarixlərində ECLSS Beynəlxalq Konfrans təşkilatının Türkiyə İstanbul Aydın Universitetinin ev sahibliyi ilə keçirdiyi 5-ci Avrasiya Təhsil və Sosial Elmlər (İECES2025) Beynəlxalq Konfransı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” fundamental monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Filosof Xatirə Quliyevanın “Heydər Əliyev və mənəvi-estetik dəyərlər (2002, Azərnəşr), “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” (2019, “Elm” nəşriyyatı) başlıqlı sanballı tədqiqat əsərlərindən sonra sayca 3-cü monoqrafiyası olan və Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin həyatı, dövrü, dünyagörüşü və dövlət idarəçiliyi fəaliyyətini dolğun əks etdirən “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat məqasimi AMEA-nın 80 illiyinə həsr olunub.
Monoqrafiyanın təqdimat mərasimində ECLSS Beynəlxalq Konfrans təşkilatının prezidenti professor Hasan Karacan, ECLSSorg-un əməkdaşı, professor Ali Korkut, Türkiyə İstanbul Aydın Universitetinin dekanı professor Meltem Nurtanış, universitetin UNESCO bölməsinin rəhbəri dosent Ocman Güntəkin, Azərbaycandan Türkiyəyə ezam olunmuş AMEA-nın Tarix və Etnoqrafiya və Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - Heydərşünaslıq şöbəsinin müdiri professor Ədalət Qasımov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Aslanlı, fəlsəfə üzrə fəlsəfə doktoru dosent Şəhla Musayeva, fəlsəfə üzrə fəlsəfə doktoru dosent İrada Zargan, Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşı Sevinc Quliyeva və başqaları iştirak ediblər.
Monoqrafiyanın müəllifi fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın, AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun Heydərşünaslıq şöbəsinin müdiri Ədalət Qasımovun, tarix elmləri doktoru Şikar Qasımovun əsərin elmi aktuallığını, dünya siyasi-fəlsəfə sahəsi üçün böyük əhəmiyyətini əhatə edən geniş və dolğun məruzələri təqdimat iştirakçıları tərəfindən xüsusilə maraqla qarşılanıb.
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın İctimai Elmlər Bölməsi Elmi Şurası Sədrinin müavini akademik Nərgiz Axundova, rəyçiləri Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, Kiyev Əqli mülkiyyət və hüquq akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev, məsul redaktorları tarix elmləri doktoru dosent Röfət Quliyev və AMEA Tarix və Etnoqrafiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşları Sevinc Nisa Quliyeva və Lalə Əliyevadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.