Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Şəhla Xəlilli “Yazının materiallaşdırılması: əlyazma kitablarının yaranma prosesi” mövzusunda mühazirə oxuyub.
Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya Universitetlərinin tələbələrinin iştirak etdiyi təlimdə alim yazının növləri, papirus, dəri, perqament kimi yazı materialları, Avropa filiqranlı kağız növləri, o cümlədən əlyazma kitablarının hazırlanması prosesi haqda geniş məlumat verib, hazırladığı videoslayd vasitəsilə onlardan nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.