Mayın 22-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Əvvəlcə İraq-Türkman ədəbiyyatına, İraq türkmanlarının və bütövlükdə Türk dünyasının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Əta Tərzibaşının yaradıcılığına həsr olunan sərgiyə baxış keçirilib, Azərbaycan və Kərkük xalq musiqisinin nümunələri səsləndirilib.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq İraq-Türkman və Azərbaycan ədəbi əlaqələrindən danışıb, ölkələr arasında ortaq milli-mənəvi dəyərlərin və qədim tarixi köklərin olduğunu bildirib.
Kərkük-Azərbaycan əlaqələrinin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu söyləyən akademik İsa Həbibbəyli Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar olaraq dövlət dəstəyi sayəsində İraqda həyata keçirilən tədbirləri böyük hadisə kimi yüksək qiymətləndirib. Bildirib ki, bu, dahi şəxsiyyət Heydər Əliyevin İraq-Kərkük-Azərbaycan əlaqələrinə, Füzuli yaradıcılığına bəslədiyi diqqətin dövlət səviyyəsində əməli ifadəsi idi.
AMEA rəhbəri vurğulayıb ki, hazırda Prezident İlham Əliyev Azərbaycanla İraq-Kərkük əlaqələrinin inkişafına böyük diqqət yetirir və dəstək verir. Akademikin sözlərinə görə, Azərbaycan-İraq əlaqələri çərçivəsində Azərbaycan-Kərkük əlaqələri də yeni mərhələyə çatıb.
Alim ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il tarixli 25 yanvar Sərəncamına əsasən, bu il AMEA-da Məhəmməd Füzulinin 530 illik yubileyinin təntənəli şəkildə keçirildiyini diqqətə çatdırıb. O, həmin tədbirdə İraqdan və Kərkükdən olan tədqiqatçıların iştirakının indiki dövrdəki əlaqələrin elmi əməkdaşlığa çevrilməsinin əyani sübutu olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli İraq türkmanlarının milli özünüdərk və özünütəsdiqində mühüm rol oynayan görkəmli elm fədaisi, böyük folklorşünas, ədəbiyyatşünas, ictimai xadim Əta Tərzibaşının 100 illik yubileyinin Bakıda qeyd edilməsinin Azərbaycan-Kərkük əlaqlərinin inkişafında yeni səhifə olduğunu bildirib. Kərkükdən olan 100 nəfər heyətin bugünkü konfransda iştirakını unudulmaz hadisə kimi dəyərləndirən alim, həmçinin 1994-cü ildə Ulu Öndərin dəstəyi ilə Məhəmməd Füzulinin 500 illik yubileyi qeyd edildiyi zaman Azərbaycandan Bağdada 128 nəfər elm və mədəniyyət xadiminin getdiyini xatırladıb.
AMEA prezidenti qeyd edib ki, Kərkük türklərinin mənəvi atası olan Əta Tərzibaşı əsasən ədəbiyyat və folklora dair araşdırmaları ilə tanınıb, xalqın milli irsinin toplanması, nəşri və tədqiqi zərurətini yaradıcılığının əsas qayəsinə çevirib. O, bütün mənalı ömrünü İraq türkmanlarının elmi-mənəvi yüksəlişinə, milli-mədəni tərəqqisinə həsr edib.
Əta Tərzibaşının dahi şair Məhəmməd Füzuli haqqında araşdırmalarından da bəhs edən akademik İsa Həbibbəyli bildirib ki, onun bu sahədəki tədqiqatları dünya füzulişünaslıq elmi və Azərbaycan folkloru üçün etibarlı və qiymətli mənbə olmaqla yanaşı, həm də ədəbiyyatımız üçün bələdçi rolunu oynayır. Azərbaycan alimləri müstəqillik dövründə Məhəmməd Füzuli yaradıcılığını yenidən öyrənərkən görkəmli tədqiqatçı Əta Tərzibaşının kitablarından, əldə etdiyi materiallardan geniş istifadə edirlər. AMEA prezidenti Akademiyanın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının fəaliyyəti barədə də məlumat verib.
Akademik İsa Həbibbəyli Əta Tərzibaşının 100 illik yubileyi ilə əlaqədar AMEA-nın “Elm” nəşriyyatı tərəfindən ədibə həsr edilmiş kitabın işıq üzü gördüyünü iştirakçıların diqqətinə çatdırıb, nəşrin yüksək səviyyədə inkişaf edən Azərbaycan-Kərkük ədəbi əlaqələrinə töhfə olduğunu qeyd edib. O, həmçinin AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun Əta Tərzibaşının 100 illiyinə həsr edilmiş xüsusi buraxılışının nəşr edildiyini deyib.
AMEA rəhbəri görkəmli tədqiqatçı Əta Tərzibaşının yubileyinin mədəniyyət, elm və ədəbiyyat bayramı kimi Azərbaycanda təntənə ilə qeyd edilməsinin həmrəyliyimizə yol açan mühüm tarixi hadisə olduğunu vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra o, Məhəmməd Füzuliyə həsr olunmuş kitabları kərküklü alimlərə hədiyyə edib.
Konfransda kərküklü tədqiqatçı, şair və yazıçı, Kərkük Kültür Dərnəyinin rəhbəri doktor Şəmsəddin Kuzəçi çıxış edərək qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib, Əta Tərzibaşının ümumtürk folkloru və ədəbiyyatındakı əhəmiyyətli rolundan bəhs edib.
Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Akademiyanın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədr müavini professor Qəzənfər Paşayev ədəbiyyat və mətbuat tarixçisi, mətnşünas, füzulişünas Əta Tərzibaşının yaradıcılığına nəzər salıb, onunla tanışlığından danışıb. Həyatını İraq-Türkaman ədəbiyyatına həsr etdiyini söyləyən professor Qəzənfər Paşayev Əta Tərzibaşının yaradıcılığını hərtərəfli izlədiyini söyləyib, görkəmli tədqiqatçının dilçilik sahəsindəki fəaliyyətindən söz açıb.
AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanov isə çıxışında Əta Tərzibaşının Məhəmməd Füzulinin yaradıcılığı haqqında apardığı tədqiqatlar barədə məlumat verib. Bildirib ki, Kərkük folklorunun ən mahir tədqiqatçısı olan Əta Tərzibaşı çoxillik ardıcıl fəaliyyəti sayəsində Kərkük folklorşünaslıq məktəbi yaratmışdır. Onun İraqda yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı tədqiqatları Əta Tərzibaşının Kərkük ədəbiyyatşünası kimi vəzifəsi olaraq meydana çıxmışdır.
Daha sonra Şəmsəddin Kuzəçi “Əta Tərzibaşının məqalələrinin dəyərləndirilməsi üzərinə bir araşdırma”, professor Qəzənfər Paşayev “İraq-türkman ləhcəsinin tədqiqində Əta Tərzibaşı mərhələsi”, “Türkmaneli” qəzeti və eyniadlı ədəbiyyat və sənət dərgisinin redaktoru Necat Kevseroğlu “Əta Tərzibaşının həyatı və əsərləri”, professor Ömər Türkmənoğlu “Əta Tərzibaşının İraq-türkman musiqisinə töhfələri” adlı məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, beynəlxalq elmi konfrans mayın 23-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.