Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.05.2024 16:17
  • A-
  • A
  • A+

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransın bağlanış mərasimi keçirilib

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransın bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransın bağlanış mərasimi keçirilib.

ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) baş tutan tədbirdə ETSN, AMEA və ETN-in rəsmi şəxsləri, konfransa tezis təqdim etmiş alim və mütəxəssislər, müxtəlif təşkilatları təmsil edən qonaqlar iştirak ediblər. Konfransın həmsədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti MBBİ-nin baş direktoru akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli istifadəyə, xüsusən bütün bu məsələlərdə elmin iştirakına göstərdiyi böyük diqqətdən, atılmış addımlardan, qəbul edilmiş qərarlardan danışıb, Ümummilli Lider tərəfindən formalaşdırılmış dövlət ekoloji siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirildiyini bildirib. Natiq Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin strateji qərar olduğunu, konfransın respublikada “yaşıl iqtisadiyyat”, “yaşıl enerji”, “yaşıl texnologiyalar”, “yaşıl” mədəniyyət, “yaşıl” əxlaq, bir sözlə “yaşıl dünya”nın inkişafına, “yaşıl ətraf mühit”in və “yaşıl artım”ın təmin edilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Akademik İradə Hüseynova MBBİ-nin və AMEA Mərkəzi Elmi Kitabxanasının iclas zallarında təşkil olunmuş 8 seksiya iclasında təqdim edilmiş plenar və simpoziumal məruzələr, aparılmış müzakirələr barədə məlumat verib. Vitse-prezident konfransın bütün respublikada böyük maraq doğurduğunu qeyd edərək, ümumən 80-dən çox təşkilatdan 340-a qədər tezisin təqdim olunduğunu, onların əhəmiyyətli bir hissəsinin seksiyalarda məruzə edildiyini, ciddi seçimdən sonra 40 tezisin geri qaytarıldığını bildirib.

Sonra söz Bakı Dövlət Universiteti Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanova verilib. Alim “Azərbaycan ekoregionunda biomuxtəlifliyin qorunmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda geniş məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Bakı Dövlət Universiteti Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov, MBBİ-nin Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov çıxış edərək, konfransın yüksək səviyyətə təşkil edildiyini qeyd edib, burada aparılmış müzakirələr, müvafiq sahələrdə inkişaf perspektivləri və s. məsələlər barədə fikirlərini bildiriblər.

Sonda konfransın bölmə iclaslarında xüsusilə fəallıq göstərmiş bir neçə məruzəçi və moderatora sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: