Dekabrın 16-da AMEA Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 120 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və zəngin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, elmi, elmi-təşkilati, pedaqoji, ictimai, praktiki-tibbi və tibbi-nəzəri istiqamətlər üzrə çoxşaxəli fəaliyyəti özündə cəmləşdirən akademik Mustafa Topçubaşov şəxsiyyəti XX əsr Azərbaycan elmi və ictimai fikir tarixinin təşəkkülündə və inkişafında müstəsna rol oynayıb. Bu mənada görkəmli alimin yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar bir hadisədir.
Akademik Akif Əlizadə vurğulayıb ki, akademik Mustafa Topçubaşovun fəaliyyəti Azərbaycan elmi təfəkkürünün Avropa elmi ənənələri ilə sintezindən yaranan, keyfiyyətcə yeni mərhələsinə - XX əsrə təsadüf edir. Elmi fikir tariximizin bu mərhələdə neçə-neçə məşhur simalar, parlaq zəkalar yetişdirdiyini deyən akademik Akif Əlizadə onların sırasında akademik Mustafa Topçubaşovun yer tutduğunu əlavə edib.
AMEA rəhbəri ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Akademiyada ziyalılarla görüşündə səsləndirdiyi "Akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə Azərbaycan Elmlər Akademiyasının çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir" fikrini xatırladaraq qeyd edib ki, bu şəxslər içərisində Mustafa Topçubaşovun xüsusi yeri var.
AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirən akademik Akif Əlizadə Mustafa Topçubaşovun digər Azərbaycan ziyalıları ilə birlikdə təməlini qoyduğu Akademiyanın bu gün də uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Akademik vurğulayıb ki, AMEA respublikamızın sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında yaxından iştirak edir. Akademik əlavə edib ki, Azərbaycan dövlətinin elmə olan qayğıkeş münasibəti və elmi fəaliyyət sahəsində məqsədyönlü həyata keçirilən islahatlar Akademiyanı yaxın perspektivdə yeni-yeni nailiyyətlər gözlədiyini deməyə əsas verir. AMEA rəhbəri bu fikirlərin sübutu olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA və alimlərimiz haqqında fikrini xatırladıb: “70 ildə Akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər elmi araşdırmalar apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər”.
Akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq!” kəlamını Ulu öndərin nəsihəti kimi qəbul edib ona əməl etdikcə Akademiyanın təsisçilərinin, o cümlədən akademik Mustafa Topçubaşovun da ruhu qarşısında Azərbaycan ziyalısının mənəvi borcunun ödəniləcəyini bildirib.
Tədbirdə çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, akademik Mustafa Topçubaşov Azərbaycan cərrahlıq məktəbinin banisi və ölkəmizdə səhiyyənin böyük təşkilatçılarından biri olmuş, qısa fasilə ilə, 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşımışdır. Alim qeyd edib ki, akademik Mustafa Topçubaşov 1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasına müxbir üzv, 1954-cü ildə isə XI Lissabon Konqresində Ümumdünya Cərrahlar Assosiasiyasına üzv seçilib, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, respublikada Siyasi və Elmi Bilikləri yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri, "Abdominal cərrahiyyə" jurnalının redaktoru, respublika və İttifaq miqyaslı elmi-tibb jurnallarının redaksiya heyətlərinin üzvü olub.
Akademik vurğulayıb ki, 1937-ci ildə “Analgezin” adlanan efir-yağ ağrıkəsicisini, ondan istifadə üsulunu kəşf edib və onu şöhrətləndirən bu kəşfini özünün “Sənət övladı” adlandırıb. Bölmənin akademik-katibi bu kəşfin tətbiq olunduğu sahələrdən də danışıb: "1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında Mustafa Topçubaşovun kəşf etdiyi sürəkli analgeziyada istifadə olunan efir-yağ qarışığının "Analgezin" adı altında buraxılmasına icazə verilib. 1963-cü ildə SSRİ miqyasında bu metodun tətbiqində qazanılan uğurlu nəticələrə görə akademik Mustafa Topçubaşov A.Vişnevski adına mükafata layiq görülərək xatirə medalı ilə təltif edilib. Sonralar bu kəşf Nobel Mükafatına təqdim olunmuşdu. Lakin güman edilir ki, pərdə arxasında qalan müəyyən qüvvələr, daha dəqiq desək, həmin ərəfədə ardıcıl olaraq “Bakinskiy raboçiy” qəzetində “Nobel Qardaşları əleyhinə dərc olunan təxribat xarakterli yazılar” bunun baş tutmasına imkan verməyib".
Akademik Əhliman Əmiraslanov bildirib ki, Mustafa Topçubaşov SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış edib. Müharibə illərində hərbi-səhra cərrahiyyəsi işinin təşkilində bu üsuldan geniş istifadə olunub. Qeyd edib ki, evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahidələr M.Topçubaşova öz konstruksiyası əsasında portativ stereoskop aparatı yaratmağa imkan verib. Müharibə illərində periferik sinir zədələnmələrinin cərrahi müalicəsində onun təklif etdiyi bir sıra yeni preparatlar və tendomioplastika əməliyyatı tətbiq olunub.
Akademik Əhliman Əmiraslanov vurğulayıb ki, özünün 62 illik əmək fəaliyyəti dövründə akademik Mustafa Topçubaşov 100 mindən çox uğurlu cərrahiyyə əməliyyatı həyata keçirib, 300-dən çox elmi iş, elmi-kütləvi məqalə, 8 monoqrafiya və 5 cildlik orijinal "Xüsusi cərrahlıq" adlı dərs kitabının müəllifi olub. Onun rəhbərliyi altında 12 nəfərin elmlər doktoru və 30 nəfərin elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdiyini deyən akademik hazırda akademik M.Topçubaşovun tələbələrinin respublikada və onun hüdudlarından kənarda bacarıqlı cərrah kimi fəaliyyət göstərdiyini, müəllimlərinin adına layiq çalışdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra AMEA-nın müxbir üzvü Nuru Bayramov akademik Mustafa Topçubaşovun elmi, pedaqoji və ictimai fəaliyyətindən danışıb. Alim onun 1914-1919-cu illərdə Kiyev Universitetinin Tibb fakültəsində təhsil aldığını və 1919-cu ildə Bakı Dövlət Universitetində ordinator kimi işə başladığını xatırladıb. Bildirib ki, akademik Mustafa Topçubaşov universitetdə ilk azərbaycanlı həkim olub. Nuru Bayramov akademikin bölgələrdə, xüsusən də Naxçıvanın səhiyyə quruculuğunda aktiv fəaliyyət göstərdiyini nəzərə çatdırıb.
Bildirib ki, akademik Mustafa Topçubaşov 1930-cu ildə doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru dərəcəsi alıb və kafedranın professoru seçilib. 1930-cı ildə Azərbaycan Tibb İnstitutunun Fakültətiv Cərrahiyyə kafedrasının müdiri seçilən akademik ömrünün sonuna qədər bu vəzifədə çalışıb. Nuru Bayramov qeyd edib ki, akademik Mustafa Topçubaşov Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 üzvü və qurucusundan biridir.
Alim akademikin elmi-təşkilati fəaliyyətindən də danışıb. Vurğulayıb ki, Mustafa Topçubaşov 1931-ci ildə Azərbaycan Cərrahlar Cəmiyyətini yaradıb, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olub, 1946-cı ildə elmi-tədqiqat naftalan problem laboratoriyasını və Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunu təşkil edib. Bildirib ki, SSRİ Tibb Elmləri Akademiyasının və Dünya Cərrahlar Cəmiyyətinin üzvü, həmçinin Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü olub.
Akademikin ictimai fəaliyyətindən danışan alim bildirib ki, o, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Azərbaycan SSR deputatı, Azərbaycan SSR Ali Sovetinin sədri, Asiya-Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin üzvü olub. Nuru Bayramov akademikin Şərəf nişanı, Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni, Əməkdar Elm Xadimi, SSRİ Dövlət Mükafatı, Ümumdünya Sülh Şurasının medalı, Vişnevski adına medal, “Kiril və Mefodi” medalı, Sosialist Əməyi Qəhramanı, “Oraq və Çəkic” qızıl medalı kimi mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə çıxış edən akademik Böyükkişi Ağayev Mustafa Topçubaşovun zəngin həyat yolu keçdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə müasir cərrahiyyənin və tibb elminin ilkin tarixi və onun sonrakı inkişaf mərhələsi akademik Mustafa Topçubaşovun adı ilə sıx bağlıdır. Alim vurğulayıb ki, Kiyev Universitetinin Tibb fakültəsini bitirmiş gənc həkim Bakıya qayıtdığı ilk günlərdən praktiki fəaliyyətlə yanaşı, elmi axtarışlarla da məşğul olmuşdur. Bu tədqiqatların nəticəsində dalağın və qaraciyərin parazitar sistlərinin çıxarılmasında yeni əməliyyat növləri təklif olunmuş və indi də bu əməliyyat növləri beynəlxalq aləmdə M.A.Topçubaşovun adı ilə tanınmaqdadır.
Böyükkişi Ağayev əlavə edib ki, akademik Mustafa Topçubaşov tərəfindən tərtib olunmuş dərsliklər və cərrahiyyənin aktual məsələlərinə həsr olunmuş çoxsaylı monoqrafiyaların ölkəmizdə həkim kadrların hazırlanmasında misilsiz elmi-praktiki əhəmiyyəti var.
Sonra çıxış edən akademik Adilə Namazova Mustafa Topçubaşovun həyat və yaradıcılığından danışıb. Mustafa Topçubaşovun əsl ziyalı, yüksək peşəkarlıq, sadəlik və mehribanlıq xüsusiyyətlərinin şahidi olduğunu vurğulayıb.
Yubiley tədbirinin sonunda akademik Mustafa Topçubaşovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir