Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun elmi-praktiki əməkdaşı olan SİNAM MMC-nin 30 illik yubileyinə həsr olunmuş “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” (DTPS-2024) adlı elmi-praktiki konfrans keçirilib.
Konfrans SİNAM MMC, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları İinstitutlarının birgə təşkilatçılığı ilə baş tutub. Elmi-praktiki konfransa informasiya texnologiyaları və rəqəmsal transformasiya, intellektual sistemlər və əlaqəli digər elm sahələrində fəaliyyət göstərən alim və mütəxəssislər dəvət olunub.
Konfrans əsnasında “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” mövzusunda panel müzakirə təşkil olunub. SİNAM şirkətinin prezidenti professor Elçin Əliyevin moderatorluğu ilə keçən panel müzakirədə akademik Rasim Əliquliyev, akademik Əli Abbasov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, əməkdar müəllim təhsil üzrə ekspert Asif Cahangirov və SİNAM MMC-nin biznes inkişafı üzrə direktoru İslam Əhmədov iştirak ediblər. Panel müzakirədə ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı problemlər və onların həlli yollarına dair fikirlər səsləndirilib, həmçinin özəl sektor və elm sahəsinin nümayəndələrinin birgə iştirakı ilə rəqəmsallaşma prosesi fərqli bucaqlardan nəzərdən keçirilb.
Sonra konfrans öz işinə “IoT texnologiyasına əsaslanan sənaye və kənd təsərrüfatı kiber-fiziki sistemləri”, “Sənaye, biznes və kənd təsərrüfatında İntellektual İdarəetmə Sistemləri”, “Ağıllı şəhərlər (kəndlər) və infrastrukturlar (modelləşdirmə, simulyasiya və inkişaf)”, “Ətraf mühit verilənlərinin analitik təhlili və qərarların qəbul edilməsini dəstəkləyən kompüter və informasiya sistemləri” mövzularında seksiyalarla davam edib.
Konfransın əsas məqsədi müstəqil Azərbaycanda 30 il ərzində biznes sahəsi kimi formalaşan və davamlı inkişaf edən yüksək texnologiyalar sektoruna baxış keçirilməsi, rəqəmsal transformasiya ilə bağlı problemlər və onların həll yollarının müzakirəsi, rəqəmsallaşma prosesinin biznes və elm kontekstində müxtəlif bucaqlardan nəzərdən keçirilməsi və sinergetik effekt nəticəsində tamamilə yeni təcrübənin formalaşdırılmasına imkan yaratmaqdan ibarət olmuşdur.
Qeyd edək ki, konfransa təqdim olunan məqalələrin Proqram Komitəsi tərəfindən seçilərək İnformasiya Texnologiyaları İnstitutunun “Problems of information society” jurnalında nəşr olunması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.