İyunun 5-də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-la bağlı “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktik konfransı öz işinə başlayıb.
Açılış mərasimində akademik Fəxrəddin Qədirov, professor Zakir Eminov, dosentlər Yusif Alıyev və Bahadır Bilalov, professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Aydın İbrahimov, coğrafiya elmləri doktoru Səid Səfərov çıxış ediblər. Qeyd olunub ki, müasir iqlim dəyişmələrinin öyrənilməsi mühüm elmi vəzifə kimi hər bir tədqiqatçının qarşısında durur. Bu istiqamətdə son zamanlar geniş elmi-tədqiqat işləri aparılır, dissertasiya işləri yazılır. Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi də nəzərdə tutulub. Bunları nəzərə alaraq, konfrans məlumatları ümumiləşdirmək, iqlim dəyişmələrinin öyrənilməsinə töhfə vermək məqsədilə keçirilir.
Beynəlxalq elmi-praktik konfrans Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmraninim moderatorluğu ilə davam edib.
Konfransın təşkilatçıları Coğrafiya İnstitutu (Azərbaycan), Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Turizm və Menecment Universiteti, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Qazaxıstan Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu, Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası və Dağıstan Dövlət Texniki Universitetidir.