AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib.
İclasda institut əməkdaşlarının monoqrafiya və kitablarının çapa təqdim olunmaq üçün müzakirəsi aparılıb və digər məsələlərə baxılıb.
İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva gündəlikdə olan məsələlər barədə məlumat verib. Daha sonra gündəlik məsələlər sırasında çapa təqdim edilən monoqrafiya və kitabların müzakirəsinə başlanılıb. Təqdim edilən əsərlər elmi əhəmiyyəti və dəyəri ilə seçilən, şərqşünaslıq elmimizə böyük töhfə olacaq kitablardır. İnstitutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayevanın “Munisnamə” təsəvvüfə dair mənbə kimi” adlı monoqrafiyasında Əbubəkr ibn Xosrov əl-Ustadın qeyd edilən əsərində adları çəkilən və haqlarında məlumat verilən sufilər, şeyxlər, övliyaların kəlamları, fikirləri, əməlləri Hücvirinin “Kəşfül məhcub” və Əttarın “Təzkirətül övliya” əsərindəki məlumatlarla müqayisəli şəkildə tədqiq edilib. Monoqrafiyada başqa mənbələrdə adlarına rast gəlmədiyimiz bəzi şeyxlər, sufilər haqqında məlumat verilir. Bundan başqa “Munisnamə”nin təsəvvüfə aid III və IV fəsillərinin fars dilində mətni və tam olaraq Azərbaycan dilinə tərcüməsi yer alıb.
Türk filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı” adlı monoqrafiyası 1838-1876-cı illəri əhatə edir. Əsər Türkiyənin bu günə qədər istər sosial-siyasi, istər ədəbi-mədəni həyatında dönüş nöqtəsi olaraq bilinən Tənzimat dövründə yaranan modern türk ədəbiyyatının anatomiyasını əks etdirir. Dövlət proqramı ilə ilk olaraq siyasi-iqtisadi müstəvidə başlayan modernləşmə hərəkatı qısa zamanda bütün sahələrdə olduğu kimi özünü ədəbi mühitin formalaşmasında da göstərdi. Modernləşmə türk ədəbiyyatının Qərb ədəbiyyatının fəlsəfi və estetik düşüncəsindən təsirlənərək yarandığı kimi, dövrün şərtlərindən təsirlənərək təbii qanunauyğunluqlarla necə formalaşdığı ədiblərin yaradıcılığı, dövrün və ədəbi mətnlərin kontekstində təhlil olunub.
Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. İnci Qasımlının hazırladığı “Türk dillərinin müqayisəli tədqiqi” adlı kitabında 14 müəllifin 18 məqalə və lüğətlərindən istifadə edilib, türk dillərinin 18 qolu haqqında məlumat verilib, bu dillərin qrammatik, fonetik xüsusiyyətləri tədqiq olunub, hər biri haqqında bir məqalə və ortaq istifadə olunan 100-1000 sözdən ibarət lüğətlər hazırlanıb. Lüğətdəki sözlər məqalə müəllifləri tərəfindən seçilib və Azərbaycan dili ilə qarşılığı verilərək təqdim edilib.
Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan” adlı monoqafiyasında Azərbaycan filologiyasında ilk dəfə Şumer ədəbiyyatı və Şumer-Azərbaycan ədəbi əlaqələri müstəqil elmi problem kimi qoyulub və sistemli şəkildə öyrənilib. Monoqrafiyada əldə olunan Şumer ədəbi nümunələrindən, Azərbaycan ədəbiyyatının, o cümlədən, başqa türk xalqları ədəbiyyatının şifahi xalq yaradıcılığı nümunələrindən geniş istifadə olunub, ədəbiyyatlararası oxşar cəhərlər üzə çıxarılıb. Şumerlərin tarixən çox qədim dövrlərdə Azərbaycan ilə əlaqə və ünsiyyətini göstərən yeni materiallar aşkar edilib, köhnə qaynaqların məlumatı yeni baxımdan izah olunub.
Elmi şurada İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Sevinc Məmmədovanın tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “İranın Şimali Azərbaycana dair siyasəti” (1917-1922-ci illər) mövzusunda dissertasiya işi müzakirə edilərək müdafiəyə tövsiyə edilib.
İclasda həmçinin Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının yeni fəaliyyətə başlamış www.es.anas.az saytı da təqdim edilib. Nəfis şəkildə hazırlanmış sayt Türkiyənin TÜBİTAK ULAKBİM nəzdində fəaliyyət göstərən DergiPark elmi bazasına inteqrasiya edilib. Jurnalın ilk sayından etibarən 5 illik dövrü əhatə edən bütün nömrələrinin arxivi institutun əməkdaşları Hilal Ağamoğlanov və İbrahim Bağırov tərəfindən bazaya yüklənib, beynəlxalq axtarış sistemlərində əlçatanlığı təmin edilib. Saytın formatı beynəlxalq indekslərin tələbinə tam cavab verir. Həmçinin onlayn şəkildə, eləcə də ölkəmizin xaricindən birbaşa məqalə qəbul etmək imkanlarına, onlayn təqdim olunan məqalələrin rəy, yoxlama və çap kimi emal proseslərini izləmək, elektron qaydada məlumatlandırma xüsusiyytələrinə də malikdir. Hazırda sayt ingilis dilində fəaliyyət göstərir.
İclasda doktoranturadan xaricetmə, institut əməkdaşlarına ixtisas üzrə dosent elmi adının verilməsi və digər məsələlərə də baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.