Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.06.2024 19:11
  • A-
  • A
  • A+

AMEA-da “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib

AMEA-da “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib

İyunun 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili, şair-publisist, t.ü.f.d. Musa Urudun (Quliyev) “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, AMEA-nın elmi müəssisələrinin alim və mütəxəssisləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli geniş oxucu kütləsinə təqdim edilən kitabın elmi və siyasi baxımdan böyük əhəmiyyət daşıdığını bildirib. 

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü xatırladan akademik İsa Həbibbəyli dövlət başçısının həmin görüşdə bu istiqamətdə ölkəmizin qarşısında duran vəzifələrin proqramını müəyyən etdiyini vurğulayıb. O, Qərbi Azərbaycan İcması tərəfindən həmin vəzifələrin böyük məsuliyyətlə, yüksək səviyyədə yerinə yetirildiyini diqqətə çatdırıb.

AMEA rəhbəri Qərbi Azərbaycanla bağlı Akademiya tərəfindən həyata keçirilən tədbirlərdən də bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündən sonra, 2022-ci il dekabrın 29-da AMEA Rəyasət Heyətinin qərarları ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb. Həmçinin Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” hazırlanaraq çapdan çıxıb. Akademik İsa Həbibbəyli Ermənistan Milli Elmlər Akademiyasının Azərbaycan alimlərinin Qərbi Azərbaycanla bağlı atdığı addımlardan təşvişə düşdüklərini də nəzərə çatdırıb.

O, həmçinin Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyasının təmin edilməsi məqsədi ilə AMEA-da Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının yaradıldığını, bundan başqa, Qərbi Azərbaycan Ensiklopediyasının sözlüyünün hazırlandığını bildirib.

Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin bugünkü iclasında isə Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin və Qarabağın qeyri-maddi mədəni irsinin tədqiqi və təbliği məqsədilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin yaradılması barədə qərarın qəbul edildiyini söyləyib.

AMEA rəhbəri ictimaiyyətə təqdim olunan kitabın ölkə Prezidentinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri olduğunu vurğulayıb. O, Musa Urudun “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasını ensiklopedik nəşr adlandıraraq, müəllifin ürək yanğısı ilə yaşadığı ərazinin tarixini qələmə aldığını deyib.

Akademik İsa Həbibbəyli kitabın AMEA-da bu işi tədqiq edən tarixçi, arxeoloq, dilçi mütəxəssislər üçün etibarlı mənbə rolunu oynayacağına əminliyini ifadə edib. Bildirib ki, bugünkü tədbirdə aparılacaq təhlillər, ediləcək müzakirələr, səslənəcək fikirlər Zəngəzurla bağlı yeni tədqiqatlara istiqamət verəcək və gələcək araşdırmaların daha da dərinləşməsinə xidmət edəcək.

Sonra Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək bölgədəki 838 toponimin ətraflı izahı verilən kitabın zəngəzurlular üçün məlhəm olduğunu bildirib. Qeyd edib ki, nəşrdə bizim eranın əvvəllərindən çağdaş dövrümüzə qədərki mənbələr, sənədlər, elmi ədəbiyyat və xatirələr, eləcə də yerli sakinlərin məlumatları əsasında Zəngəzurdakı toponimlərin tarixi, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilib.

O, həmçinin AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin Azərbaycan dilinə tərcüməsinin 86 il sonra - 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapıldığını diqqətə çatdırıb. Professor Nadir Məmmədli əlavə edib ki, Mahmud Kaşğari bu əsərdə Oğuzların ən çevik və bacarıqlı tayfasının kökündə məhz Zəngi tayfasının olduğunu bildirib.

Tədbirdə fil.ü.f.d., dos. Elçin İsmayılov, fil.e.d. Tünzalə Baxışova, fil.ü.f.d. Zülfiyyə Quliyeva, siy.e.d., prof. Hikmət Məmmədov, prof. Vəfa Quliyeva, i.e.d., prof Əvəz Ələkbərov və digərləri çıxış edərək kitabın rus dilində nəşr olunmasının əhəmiyyətindən, xarici ölkələrdə təbliğinin vacibliyindən danışıb, Qərbi Azərbaycan məsələsinin ziyalılarımız qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyiblər. Bildirilib ki, Musa Urud bütün yaradıcılığı boyu Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurun tədqiqinə, onun tarixinin öyrənilməsinə böyük səy göstərib. Təqdim olunan kitab da məhz müəllifin doğma yurda olan sevgi və istəyinin təzahüründən yaranıb.

Sonda çıxış edən Musa Urud kitabın ərsəyə gəlməsindən söz açıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: