AR ETN Dendrologiya İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Gəncə Nəbatat bağı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının birgə təşkilatçılığı ilə “İqlim dəyişkənliyi şəraitində təbii floranın müasir vəziyyəti və biomüxtəlifliyin qorunması” mövzusunda forum keçirilib.
Tədbirdən öncə Dendrologiya İnstitutunun elmi nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı videoçarx nümayiş olunub.
Forumu giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq iştirakçıları salamlayıb, ölkə başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb.
Daha sonra tədbirə təşkilatçılıq edən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru AMEA nın müxbir üzvü İbrahim Cəfərov Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. Alim qeyd edib ki, forumun keçirilməsində əsas məqsəd biologiya sahəsində çalışan alimlərin, tələbələrin, meşəçilərin bir araya gəlməsi ilə təbiət elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri müzakirə etməklə, perspektivli, dəyərli töhfələr verməkdir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçiriləcəyini bildirərək, belə bir mötəbər tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb.
AR ETN Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “İqlim dəyişkənliyi şəraitində təbii floranın müasir vəziyyəti və biomüxtəlifliyin qorunması” mövzusunda forumda iştirak etmək üçün müraciət edən 11 müəssisənin təmsilçilərini salamlayaraq birgə keçirilən bu foruma ev sahibliyi edən AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevə təşəkkürünü bildirib.
O, çıxışında müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ekoloji problemlərinin həllinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xususi qayğı ilə yanaşdığını, ölkəmizin təbiətinin sağlamlığına, biomüxtəlifliyin qorunmasına yönəldilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar qəbul edildiyini və bu gün bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, forum elmi müəssisələr arasında elmi-texniki sahədə qarşılıqlı əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
Dünyanın ən nüfuzlu tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçməsinin qürurverici olduğunu qeyd edən alim Dendrologiya İnstitutu tərəfindən işğaldan azad olunmuş ərazilərin təbii dendroflorasında nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin mühafizəsi, elmi-praktiki əsaslarla işlənilməsi, bərpası məsələlərindən söhbət açıb: “Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Dendrologiya İnstitutunun üzərinə də böyük məsuliyyət düşür. Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət və əzm tələb edir. Dendrologiya İnstitutunun əməkdaşları iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini dərk edir”.
Daha sonra Bitki ehtiyatları şöbəsinin müdiri professor Aynur Bayramova və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının direktoru Fuad Quliyev çıxış edərək tədbirin əhəmiyyətini qeyd ediblər.
Forum iştirakçıların məruzələri ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.