Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ölkə Prezidentinin Sərəncamının və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarının icrası ilə bağlı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı və BioGarden Aqroekoloji Turizm Mərkəzinin dəstəyi ilə “Yaşıl dünya, təmiz səma” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Şəki REM-in əməkdaşları, Mingəçevir Dövlət Universitetinin professor və müəllim heyəti iştirak ediblər.
Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü tədbirdə çıxış edərək Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Sərəncamının ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması baxımından əhəmiyyətindən danışıb.
Dəyirmi masada Mingəçevir Dövlət Universitetinin əməkdaşı prof. Evren Güçer “Turizmdə yaşıl idarəetmə”, Şəki REM-in Landşaftşünaslıq şöbəsinin müdiri geol-min.ü.f.d. Hüseyn Mustafabəyli “Qlobal istiləşmə şəraitində yaşıl dünyanı qorumalı”, Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Nərmin Əliyeva və Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova “Dekorativ bağçılıq aqroekoloji turizm klasteri kimi”, BioGarden Aqroekoloji Turizm Mərkəzinin rəhbəri Etibar Nuriyev “Yaşıl dünyaya keçiddə özəl sektorun rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Dəyirmi masa sual və müzakirələrlə davam etdirilib.
AMEA-nın Şəki REM-nin rəhbərliyi adından Mingəçevir Dövlət Universiteti və BioGarden Aqroekoloji Turizm Mərkəzinə əməkdaşlığa görə təşəkkürnamələr təqdim olunub.
Sonda Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri Arif Tağıyev dəvət və tərəfdaşlıq təklifi üçün Şəki REM-in direktoruna universitetin rektoru adından təşəkkürünü bildirib, bundan sonra da daha geniş sferada əməkdaşlığın davam edəcəyinə əminliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.