Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.06.2024 12:10
  • A-
  • A
  • A+

Folklor İnstitutu 2024-cü ilin I yarısı üzrə hesabat verib

Folklor İnstitutu 2024-cü ilin I yarısı üzrə hesabat verib

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı da iştirak edib.

İclası giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən fil.ü.f.d., dos. Afaq Ramazanova gündəlikdəki əsas məsələnin Folklor İnstitutunun 2024-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat olduğunu bildirib. O vurğulayıb ki, 2024-cü ildə AMEA Folklor İnstitutu bir neçə istiqamətdə fəaliyyət göstərərək, qeyri-maddi mədəni irsin toplanması, nəşri və tədqiqi, eləcə də elmi təşkilatçılıq, beynəlxalq əlaqələrin genişləndirilməsi və s. sahələrdə uğurlar əldə edib.

Sonra A.Ramazanova elmi müəssisənin 2024-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını iclas iştirakçılarının diqqətinə çatdırıb. Hesabat Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası, elmi-tədqiqat planları, xarici əlaqələr, elmi tədbirlər, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak, AMEA-nın müvafiq qərar və sərəncamlarının icrası, elektron elmin vəziyyəti, kadr hazırlığı, sosial fəaliyyət, nəşrlər, təltif və mükafatlarla bağlı məsələləri əhatə edib.

Qeyd olunub ki, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar fil.ü.f.d., dos. Afaq Ramazanovanın “Folklordan görünən Şuşa” seriyasından ikinci kitabı çapa hazırlanıb.

Cari ilin I yarısında institutun təşkilatçılığı ilə 1 beynəlxalq konfrans, 1 respublika elmi konfransı, 1 elmi seminar, 1 dəyirmi masa, 4 anım tədbiri, 5 təqdimat mərasimi keçirilib.

Folklor İnstitutunun əməkdaşları Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Moldova, İsveçrə və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış ediblər.

2024-cü ilin I yarısında elmi müəssisədə “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 68 iş əsasında tədqiqatlar aparılıb. Bildirilib ki, cari ildə 53 iş tamamlanacaq.

İnstitutun bir əməkdaşı elmlər doktoru elmi dərəcəsinə layiq görülüb, iki nəfərə isə dosent elmi adı verilib.

Yarım il ərzində institut Elmi şurasının 5 iclası keçirilib. Bu iclaslarda 30-a yaxın məsələ müzakirə olunub.

Hesabat dinlənildikdən sonra şura üzvlərindən institutun Mifologiya şöbəsinin müdiri fil.e.d., prof. Seyfəddin Rzasoy, Dədə Qorqud şöbəsinin müdiri fil.e.d., prof. Ramazan Qafarlı, Türk xalqları folkloru şöbəsinin müdiri fil.e.d., prof. Əfzələddin Əsgər çıxış edərək cari ilin I yarısı üzrə olan hesabatı qənaətbəxş hesab edib, təmsil etdikləri şöbələrin fəaliyyət istiqamətləri, görüləcək işlər barədə məlumat veriblər.

Daha sonra iclasda müşahidəçi qismində iştirak edən AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi fil.ü.f.d. Arzu Məmmədxanlı Folklor İnstitutunun 2024-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib.

İnstitutun 2024-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı qənaətbəxş sayılaraq yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: