AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib.
İclasda bölmənin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı və bir sıra digər məsələlər müzakirə edilib.
Gəncə Bölməsinin Rəyasət Heyətinin iclasının gedişini AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin tapşırığına müvafiq olaraq, Akademiyanın Elm və təhsil şöbəsinin əməkdaşları da onlayn şəkildə izləyiblər.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini k.ü.f.d. Sara Əzizova iclası açaraq, iştirakçıları gündəlikdəki məsələlər ilə tanış edib.
İclasın gündəliyindəki birinci məsələ Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin 21 may 2024-cü il tarixli “AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi mərkəzlərinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlar haqqında” sərəncamının icrası ilə əlaqədar olaraq Gəncə Bölməsinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatla k.ü.f.d. Sara Əzizova geniş çıxış edib.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin elmi müəssisələri 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi mövzulara uyğun olaraq davam etdirib. Tədqiqat işləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 iyun tarixli “Elm haqqında” Qanunu, bu qanundan irəli gələn Nazirlər Kabinetinin qərar və sərəncamları əsasında, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramı, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” ölkə Prezidentinin Sərəncamı, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarları, digər qərar və sərəncamlar əsasında həyata keçirilir.
Hesabatda vurğulanıb ki, Gəncə Bölməsinin elmi müəssisələri tərəfindən Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, Azərbaycan dilinin inkişaf tarixi, Azərbaycan folkloru, Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri, Musiqi sənəti, Qərb bölgəsinin tarixi, Qərb bölgəsinin arxeoloji və etnoqrafik abidələrinin tədqiqi elmi istiqamətləri üzrə tədqiqatlar aparılıb.
Qeyd olunub ki, bölmənin elmi müəssisələrində Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş plana əsasən 13 problemi əhatə edən 20 mövzu, 22 iş, 13 mərhələ üzrə tədqiqatlar aparılır. AMEA-nın Gəncə Bölməsinin əməkdaşları tərəfindən 2024-cü ilin birinci yarısında 1 kitab, 6-sı xaricdə olmaqla 9 məqalə, 22 konfrans materialının 3-ü xaricdə dərc edilib. Bölmə əməkdaşlarının əsərlərinə beynəlxalq elmmetrik bazalarda - Scopus bazasında 2, Google Scholar bazasında 23, ResearchGate platformasında 12, RISC (РИНЦ) bazasında 9 dəfə, ümumilikdə AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarının əsərlərinə beynəlxalq elmmetrik bazalarda 46 dəfə istinad edilib.
Yarımillik hesabatda AMEA-nın Gəncə Bölməsində keçirilən konfranslar, dəyirmi masalar, digər elmi və təşkilati tədbirlər haqda ətraflı məlumat verilib.
Gəncə Bölməsində nəşr olunan elmi jurnalların keyfiyyətini artırmaq məqsədilə bildirilib ki, Xəbərlər məcmuəsi jurnalının “Təbiət və texnika elmləri”, “İctimai və humanitar elmlər” seriyaları və “Nizamişünaslıq” jurnalı P-İSSN (Beynəlxalq Standart Seriya Nömrəsi) və DOİ (Rəqəmsal obyektin identifikatoru) Elektron Akademiya tərəfindən dünya standartlarının tələblərinə uğun təmin edilib.
Gündəlikdə duran digər məsələlər AMEA Rəyasət Heyətinin 11 iyun 2024-cü il tarixli “AMEA-nın elmi müəssisə və təşkilatlarında işçilərə əmək məzuniyyətinin verilməsinin tənzimlənməsi haqqında”kı qərarına əsasən Gəncə Bölməsinin elmi müəssisələrində işçilərə əmək məzuniyyətinin verilməsinin tənzimlənməsi haqqında İnsan resursları şöbəsinin müdiri Kəmalə Qurbanova, Heydər Əliyev Fondunun 20 illik yubileyi münasibətlə “Mehriban xanım Əliyeva – Humanizmin və xeyriyyəçiliyin hamisi” adlı monoqrafiyanın çapa təqdim olunması məsələsi barədə k.ü.f.d. Sara Əzizova, həmçinin “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında AMEA-nın icraçısı olduğu indikator üzrə Gəncə Bölməsində görülmüş işlərə dair yarımillik hesabatla elmi katib Günay Cəfərova çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.