Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.07.2024 16:00
  • A-
  • A
  • A+

“Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

İyulun 10-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, ədəbiyyatşünas alimlər, media nümayəndələri və digərləri iştirak ediblər.

Əvvəlcə foyedə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış olub.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin keçirilməsinin artıq ənənə halını aldığını söyləyib, AMEA ilə AYB arasındakı əlaqələrin möhkəmləndirilməsi, ədəbi prosesin dərk və şərh olunması, nəticə etibarilə elmin və ədəbiyyatın inkişafı baxımından tədbirin əhəmiyyətini qeyd edib. O, “Ədəbi proses” müşavirələrini ədəbi proseslə məşğul olan yazıçıların və tənqidçilərin məsuliyyətli hesabatı kimi dəyərləndirib, bu tədbirlərin ədəbiyyatımızın inkişafına, ədəbiyyatşünaslığımızın zənginləşməsinə xidmət etdiyini bildirib.

Akademik İsa Həbibbəyli “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin 10 illik yubileyinin ötən il AYB-nin Natəvan klubunda təşkil edildiyini xatırladaraq, əslində həmin tədbirlə ədəbi proses müşavirələrində əhatə olunan ədəbi dövrün 10 illiyinin qeyd edildiyini diqqətə çatdırıb: “Sovet höküməti dövründən başlayaraq keçirilən, müstəqillik illərində də ara-sıra təşkil olunan  “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini 2014-cü ildə yenidən  bərpa etdik. 2014-cü ilin ədəbi prosesində 2013-cü ilin ədəbiyyatından bəhs olunub. Beləlklə, ötən il ədəbi dövrün ədəbi prosesə cəlb olunmasının 10 illiyi qeyd edilib”.

O, 10 il ərzində apardığı müşahidələrə əsasən “Ədəbi proses” müşavirələrində müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixinin icmallarının yazıldığını deyib, elmi-yaradıcılıq müşavirələrinin elmdə və ədəbiyyatda canlanma yaratdığını vurğulayıb. Qeyd edib ki, “Ədəbi proses” müşavirələri, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə AYB arasında möhkəm körpü rolunu oynayıb, mətbuatla institut arasındakı əlaqələri daha da genişləndirib.

AMEA rəhbəri bildirib ki, yaradıcılıq müşavirələrindən sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları mətbuatda daha fəal  iş aparmağa başlayıblar. “Ədəbi proses” müşavirələrindəki məruzələr “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Ulduz” və “Azərbaycan” jurnalları, eləcə də digər mətbu orqanlarda mütəmadi olaraq çap edilir.

“2023-cü ilin ədəbiyyatı tam halda bütövlük ədəbiyyatı adlandırıla bilər”, - deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük tarixi zəfəri alqışlayan, tərənnüm edən ədəbiyyat sonrakı illərdə onu dərk etməyə çalışıb və nəhayət 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması, bütün ərazilərimizdə Dövlət Bayrağımızın dalğalanması ədəbiyyatda qazanılan qələbələrin mahiyyətini, fəlsəfəsini, reallığını göstərməyə başlayıb. Onun sözlərinə görə, Qarabağ ətrafında yaranan ədəbiyyat 2020-ci ilə qədər torpaqların işğaldan azad olunması uğrunda aparılan, 2020-ci ildə qələbəni tərənnüm edən, 2021-2023-cü illərdə isə Azərbaycanın bütövlüyünü təsdiq edən ədəbiyyatdır.

Akademik İsa Həbibbəyli çıxışının sonunda “Ədəbi proses” müşavirələrinin ədəbi prosesi sistemli təhlil etməyə, ədəbi həyatı dərindən dərk etməyə və ümumi hazırlığa kömək etməyə yönəldiyini, həmçinin ixtisaslaşmış tənqidçilərin yetişməsinə zəmin yaratdığını bildirib.

Sonra AYB-nin katibi Səlim Babullaoğlu çıxış edərək “Ədəbi proses” müşavirələrinin keçirilməsinin mənbə yaratmaq, baş verənləri sistemləşdirmək və hesabat xarakteri daşımaq baxımından əhəmiyyətini vurğulayıb. O, yaradıcılıq müşavirələrinin yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə xüsusi təşəkkür edib.

AYB-nin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin tarixi və fəaliyyəti  barədə məlumat verən Səlim Babullaoğlu sözügedən dərgidə Ədəbiyyat İnstitutu əməkdaşlarının çoxsaylı məqalələrinin çap olunduğunu diqqətə çatdırıb. O, həmçinin ədəbi tənqidin vəzifə və prinsiplərindən danışaraq, ədəbi tənqidin professional tənqid olduğunu bildirib.  Səlim Babullaoğlu builki “Ədəbi proses”in işinə uğurlar arzulayıb.

Tədbirdə filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, filologiya elmləri doktoru Vaqif Yusifli “Poeziya”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “Nəsr”, filologiya üzrə fəlsəfə doktoru Şahanə Əliyeva “Dramaturgiya”, filologiya elmləri doktoru Cavanşir Yusifli “Ədəbi gənclik (gənc nəsillərin yaradıcılığı)”, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Ədəbi tənqid”, filologiya elmləri doktoru Vüqar Əhməd “Publisistika”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Uşaq ədəbiyyatı”, filologiya elmləri doktoru Pərvanə Məmmədli “Cənubi Azərbaycan ədəbiyyatı”, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Məmmədova “Bölgələrdə ədəbi həyat” və filologiya elmləri doktoru Rasim Nəbioğlu “Bədii tərcümə” mövzusunda məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, tədbirdə təqdim edilən məruzələr toplu halında nəşr olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: